Gün ərzində parlaq təbii işıqda olmaq demensiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. Tədqiqatçılar bu amilin proqnozlaşdırıcı əhəmiyyətinin demensiyanın bir sıra ənənəvi risk faktorlarından daha yüksək olduğunu müəyyən ediblər. Bu nəticəyə Quançjou Tibb Universitetinin Beyin Xəstəliklərinin Müalicəsi Xəstəxanasının neyrobioloqları, eləcə də Honkonq və Londondan olan həmkarları gəliblər. Onlar təxminən 88 min Böyük Britaniya sakininin səhhətini səkkiz il ərzində izləyiblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “General Psychiatry” jurnalında dərc olunub.
Böyük Britaniya biobankının iştirakçılarına işıq və hərəkət sensorları olan qolbaqlar verilib. İştirakçılar bu cihazları gündəlik həyatlarında bir həftə ərzində taxıblar. Sensorlar onların işıqlanma səviyyəsinin 1000 lüksdən yüksək olduğu şəraitdə nə qədər vaxt keçirdiklərini qeydə alıb. Müqayisə üçün qeyd edək ki, buludlu havada açıq ərazidə işıqlanma təxminən bu səviyyəyə çata bilər, adi otaqlarda isə göstərici əsasən 300-500 lüks arasında olur.
Sonrakı illərdə iştirakçıların 741-də demensiya inkişaf edib. Gün ərzində orta hesabla 1000 lüksdən yüksək işıqlandırma şəraitində olan insanlarda xəstəliyə tutulma riski 16 faiz daha aşağı olub. Gündə ən azı 42 dəqiqə ərzində 5000 lüks və ya daha yüksək işıqlandırma şəraitində olanlarda isə risk əlavə olaraq 17 faiz azalıb.
İşığın qoruyucu təsiri xüsusilə gec yatmağa üstünlük verənlərdə, Alzheimer xəstəliyi riskini artıran gen variantının daşıyıcılarında və gecələr parlaq işıqlandırma şəraitində yaşayanlarda daha aydın müşahidə edilib. Bu qruplarda riskin azalması 41 faizə çatıb.
Tədqiqatda gecə işıqlandırmasının özünün demensiya ilə əlaqəsi müəyyən edilməyib. Müəlliflər bunun istifadə olunan sensorların məhdudiyyətləri ilə bağlı ola biləcəyini ehtimal edirlər. Belə ki, biləyə taxılan cihazlar smartfon ekranlarından gələn işığı qeydə almır və müasir LED lampaların işıq spektrini fərqləndirə bilmir.
Alimlər parlaq gündüz işığının çatışmazlığını piylənmə, alkoqol istifadəsi, havanın çirklənməsi və kəllə-beyin travmaları da daxil olmaqla, demensiyanın məlum risk faktorları ilə müqayisə ediblər. Gündə ən azı 42 dəqiqə ərzində 5000 lüks işıqlandırma şəraitində olmamaq altı digər risk faktorundan daha yüksək proqnozlaşdırıcı əhəmiyyət göstərib.
Müəlliflərin diqqətə çatdırdığına görə, müasir insanlar vaxtlarının təxminən 90 faizini işıqlanma səviyyəsinin 300-500 lüks olduğu qapalı məkanlarda keçirirlər. Bu səbəbdən tədqiqatın nəticələri insanların böyük əksəriyyəti üçün əhəmiyyət daşıya bilər.
İşıq orqanizmin sirkadiyalı ritmlərinin, yəni yuxunu və hormonların fəaliyyətini tənzimləyən daxili bioloji saatın əsas tənzimləyicisidir. Bu ritmlərin pozulması isə neyrodegenerativ proseslərlə əlaqələndirilir.
Tədqiqat müəllifləri binalardakı işıqlanma səviyyəsinin ölçülməsini xəstəlik riskini qiymətləndirmək üçün sadə və ucuz göstərici kimi nəzərdən keçirməyi, həmçinin demensiyanın profilaktikasında işıq terapiyasının imkanlarını araşdırmağı təklif edirlər.
Qeyd edək ki, tədqiqat müşahidə xarakteri daşıyır. Buna görə də parlaq işığın demensiya riskini birbaşa azaltdığı hələ qəti şəkildə sübut edilməyib. Işıqlandırma rejiminin profilaktik təsirini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Samir


