İnsanlıq tarixinin ən qədim və ən çox müzakirə olunan suallarından biri tale ilə azad iradə arasındakı münasibətdir.
Tale və insanın azad iradəsi arasındakı balans necə qorunur? Baş verən hadisələr əvvəlcədən yazılıb? Seçimlərimiz həqiqətən öz iradəmizin məhsuludur, yoxsa görünməyən bir talenin istiqamətləndirdiyi yolun bir hissəsidir?
Bu suallar əsrlər boyu din alimlərini, filosofları, psixoloqları və elm adamlarını düşündürüb, bu gün də fərqli baxışlar və izahlarla müzakirə olunmaqdadır. Tale və azad iradə arasındakı tarazlığın necə qurulduğu isə həm elmi, həm də dini baxımdan maraq doğuran mövzulardan biri olaraq qalır.
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, tale, alın yazısı, əvvəlcədən müəyyən olunma və azad iradə, ixtiyar mövzusu uzun əsrlərdir müzakirə və mübahisə mövzusu olaraq qalır:

“Bunun cavabı elmdə də dində də birmənalı deyil. Hətta Quranda da tam aydın göstərilməyib. Müəyyən ayələrdə tam azad iradə müdafiə olunaraq insanın azad olduğu üçün həm də məsuliyyət daşıdığı deyilir. Öz əməllərinə özünün məsuliyyət daşıdığı, cavabdeh olduğu haqda ayələr var. Digər tərəfdən də "Allah istəməsə əsla siz istəyə bilməzsiniz", "bir yarpaq belə Allahın iradəsi olmadan düşməz", "atdığın zaman sən atmadın, Allah atdı", "Allah kafirlərin qəlbini möhürlədi, istəsələr də iman edə bilməzlər" kimi ayələr, fikirlər var.
Bu mənada, həm din alimləri, həm də elm adamları, filosoflar bu mövzu ətrafında fikir yürüdüblər. Əsasən orta əsrlərdə geniş mübahisə mövzusu olan bu məsələdə üləma iki yerə ayrılıb. Azad iradəni müdaifə edən Mötəzilə və ondan doğan fikir cərəyanları, bir də Cəbriyyə və ondan bəhrələnən fikir cərəyanları.
Mötəzilə Qurandan iradə ayələrini götürür və taleyə, mütləq qədərə aid olanları da şərh edirdi. Bu cərəyanın İslam alimlərinə görə insan tam iradə sahibi və əməllərinin yaradıcısıdır. Allah əvvəlcədən insanın əməllərini müəyyən etmir, onu azad və sərbəst buraxır. Lakin Cəbriyyə cərəyanı isə tam əksini düşünürdü. Onlar da Qurandan tale və insanın məcbur olduğunu göstərən ayələri götürüb iradə azadlığını inkar edir, insanı əslində külək qarşısında sürünən yarpağa bənzədirdilər. Yəni, bütün hal və hərəkətləri Allah yaradır”.
Ekspert əlavə edib ki, bu ziddiyyət böyüdükcə üçüncü qol yarandı:
“Bu qol, Əşəri, Maturudi cərəyanları idi. Onlar orta yol tutdular. Yəni, müəyyən məsələlərdə ilahi təqdir mütləqdir və var, lakin bir sıra məsələlərdə isə insan azaddır və məsuliyyət daşıyır. Hərəkətlər, əməllər insana məxsus olsa da ona hərəkət verən Allahdır. İnsan pis, şər əməl törədərkən icraçı özü olsa da ona güc verən Allahdır. Yaxud insanın mütləq öləcəyi əvvəlcədən müəyyən olunmuş yazıdır, amma nə vaxt və harada öləcəyi özünün əməl və hərəkətlərinə bağlıdır.
Filosoflar da bu məsələdə ikiyə ayrılır. İslamın ilkin çağlarında əsasən taleyə, qədərə inam daha çox üstünlük təşkil edirdi. Sonra elmə, ağıla, fəlsəfəyə üstünlük verən filosoflar yetişdi və onlar bu məsələni bir qədər açdılar, şərh etdilər. Əslində bu məsələ kainatın ilkin başlanğıcı kimi qaranlıq və hələ tam dəqiqləşməmiş məsələdir. Fizik olsa da Eynşteyn deyirdi ki, Tanrı zər atmır. Yəni, hər şey fiziki qanunlar çərçivəsində baş verir, təsadüf yoxdur”.
Tural İrfan diqqətə çatdırıb ki, insanın hərəkəti də fiziki qanunların tərkib hissəsidir:
“Eyni zamanda onun inam bəslədiyi filosof Benedikt Spinoza da aləmi və yaradanı vahid olaraq görür və baş verən hadisələrin də mütləq qədər, ölçü ilə olduğunu düşünürdü. Əgər insanlar hərəkətlərində azad olsaydılar fiziki qanunları pozan, ümumi nizama xələl gətirən hallar baş verər və dünya dağılardı. Ona görə də hər bir hadisə müəyyənlik əsasında canlandırılır.
Təsadüf yoxdur. Müsəlman filosofları Fərabi, İbn Rüşd, İbn Sina da nə tam azadlıq nə də tam müəyyənlik fikrini qəbir edirdilər. Balanslı olaraq, taledə müəyyən nöqtələrin əvvəlcədən təqdir olunduğunu, digər məsələlərin isə insanın ixtiyarına buraxılış olduğunu deyirdilər. Əllaf, Şəhham, Nəzzam, Cahiz kimi orta əsr Mötəzilə filosofları isə tamamilə azad iradəni və insan ixtiyarını müdafiə edirdilər.
Ancaq həqiqət ondan ibarətdir ki, insanın istəyi, hissləri, niyyəti azaddır. Qərar verərkən ona ilahi müdaxilə yoxdur. Lakin qərardan sonra əməlləri icra edərkən ona güc, hərəkət verən Allahdır. Əgər o, pis əməl edirsə bəs Allah niyə ona güc verir? Çünki Allah insanı azad və iradə sahibi yaradıb. Cəzanı da müəyyən edib, mükafatı da. Tövsiyə xarakterli çəkindirir günahlardan, məcbur olaraq deyil. İnsanın əməlləri kəsbidir”.
Psixoloq Könül İsmayılova isə Hit.az-a açıqlamasında deyib ki, psixologiya elmində insan davranışı taleyin və ya yalnız bir amilin nəticəsi kimi qiymətləndirilmir:

“Şəxsiyyətin formalaşmasına genetik xüsusiyyətlər, ailə mühiti, tərbiyə, sosial münasibətlər və həyat təcrübəsi kompleks şəkildə təsir göstərir. Bununla yanaşı, insanın seçim etmək və qərar vermək qabiliyyəti də onun həyat yolunu müəyyənləşdirən əsas psixoloji mexanizmlərdən biridir.
İnsan qarşılaşdığı bütün hadisələrə nəzarət edə bilməsə də, həmin hadisələrə necə münasibət göstərəcəyini və hansı davranış modelini seçəcəyini özü müəyyənləşdirir. Psixoloji baxımdan daim “hər şey əvvəlcədən yazılıb” düşüncəsi ilə yaşamaq şəxsdə passivlik, məsuliyyətdən yayınma və təşəbbüssüzlük yarada bilər”.
Həmsöhbətimizin fikrincə, bütün baş verənləri yalnız öz iradəsinin nəticəsi hesab etmək də uğursuzluqlar zamanı özünü ittiham etməyə, narahatlıq və stressin artmasına səbəb olur:
“Sağlam psixoloji yanaşma insanın nəzarət edə bildiyi məsələlərdə məsuliyyət götürməsi, təsir edə bilmədiyi hadisələri isə qəbul etməyi bacarmasıdır. Belə balanslı düşüncə həm psixoloji dayanıqlığı artırır, həm də insanın həyatında daha sağlam qərarlar verməsinə kömək edir”.
Günel Cəlilova


