Azərbaycan və Özbəkistan əlaqələri möhkəmlənir

KÖŞƏ YAZILARI
17:00 / 21.08.2026
188

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə, mənim fikrimcə, yalnız Azərbaycan Özbəkistan münasibətlərinin bugünkü vəziyyətinə dair qiymətləndirmə deyil.

Müsahibədə səsləndirilən fikirlər daha geniş siyasi və geosiyasi proseslərə, Cənubi Qafqazla Mərkəzi Asiya arasında getdikcə formalaşan yeni əlaqələr sisteminə işarə edir. Burada əsas məsələ yalnız iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi deyil, daha mühüm məqam Azərbaycanla Mərkəzi Asiya arasında siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin artıq sistemli xarakter almasıdır.

Qeyd edim ki, Azərbaycan üçün Özbəkistanla münasibətlərə yalnız ikitərəfli əlaqələr çərçivəsində baxmaq düzgün olmazdı. Özbəkistan Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir və bu ölkə ilə strateji tərəfdaşlığın güclənməsi Azərbaycanın həmin regiondakı siyasi mövqeyini də möhkəmləndirir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi əlaqələrin daha sıx qurulmasına imkan verir. Bu baxımdan Azərbaycanın C6 formatında iştirakını da yalnız protokol xarakterli hadisə kimi qiymətləndirmək düzgün deyil.

Bu, Azərbaycanın özünü yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas siyasi və geoiqtisadi aktorlardan biri kimi təqdim etdiyini göstərir. Eyni zamanda, Özbəkistan üçün Azərbaycanla münasibətlərin inkişafı Qərbə çıxış imkanlarının genişlənməsi, Xəzər üzərindən yeni nəqliyyat marşrutlarının inkişafı və Türkiyə, Cənubi Qafqaz və Avropa ilə əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yəni burada iki ölkənin maraqları kifayət qədər aydın şəkildə üst-üstə düşür, Azərbaycan Mərkəzi Asiyada öz siyasi və iqtisadi mövqelərini gücləndirir, Özbəkistan isə Qərb istiqamətində yeni siyasi, iqtisadi və nəqliyyat imkanları əldə edir. İqtisadi baxımdan da söhbət yalnız ticarət dövriyyəsinin artmasından getmir.

Prezidentin müsahibəsində xüsusi vurğulandığı kimi, əsas məsələ iki ölkənin münasibətlərinin sadəcə ticari “almaq-satmaq” səviyyəsindən çıxaraq birgə investisiyalara, istehsala, sənaye əməkdaşlığına və üçüncü bazarlara çıxışa yönəlməsidir. Azərbaycanın nəqliyyat və enerji imkanları, Özbəkistanın isə böyük daxili bazarı, sənaye və insan resursları bir-birini tamamlayan ciddi imkanlar yaratması, bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcək modelini daha çox birgə investisiya, birgə istehsal, nəqliyyat əlaqələri və beynəlxalq bazarlara çıxış üzərində qurmaq vacibliyinə diqqət çəkildi.

Qeyd edim ki, bu model hər iki ölkəyə real iqtisadi dividendlər verəcək. Azərbaycan Mərkəzi Asiyada investisiya və iqtisadi iştirakını genişləndirir, Özbəkistan isə Xəzər vasitəsilə Cənubi Qafqaza, Türkiyəyə və Avropa bazarlarına çıxış imkanlarını artırır. Hər iki ölkənin coğrafi və iqtisadi imkanlarının bir-birini tamamlaması isə mühüm üstünlükdür və Orta Dəhlizin əhəmiyyəti də məhz bu kontekstdə daha aydın görünür.

Azərbaycan üçün Orta Dəhliz yalnız yükdaşımaların artırılması layihəsi deyil, Çindən başlayan, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artıran imkandır. Özbəkistan üçün isə bu marşrut dünya bazarlarına çıxış imkanlarının genişlənməsi və ənənəvi nəqliyyat istiqamətlərindən asılılığın azaldılması deməkdir.

Burada iqtisadiyyatla geosiyasət artıq bir-birindən ayrılmır. Nə qədər çox ticarət, investisiya və enerji layihəsi müəyyən marşrut üzərində cəmləşirsə, həmin marşrutun təhlükəsizliyi və siyasi sabitliyi də bir o qədər böyük əhəmiyyət qazanır. Buna görə də Orta Dəhlizin inkişafı həm iqtisadi, həm də təhlükəsizlik baxımından Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ümumi maraqlarına cavab verir.

Prezidentin vurquladığı kimi, enerji əməkdaşlığı bu mənzərənin mühüm hissəsidir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq və Xəzər üzərindən elektrik enerjisinin ötürülməsi ilə bağlı layihələr gələcəkdə yeni regional enerji xəritəsinin formalaşmasına səbəb ola bilər. Azərbaycan burada yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də enerji istehsalı, tranziti və müxtəlif enerji sistemlərinin birləşdirilməsi baxımından regional mərkəz kimi çıxış etmək imkanını genişləndirir.

Mərkəzi Asiya üçün isə bu, enerji resursları və elektrik enerjisi üçün yeni ixrac istiqamətlərinin yaranması deməkdir. Avropa üçün isə alternativ enerji marşrutlarının genişlənməsi enerji təhlükəsizliyi və diversifikasiya baxımından əlavə imkanlar yaradır. Prezidentin müsahibəsində üstü örtülü verilən mesajlardan biri olan təhlükəsizlik məsələlərinə fikirimcə daha geniş aspektdə yanaşma vacibdir.

Qeyd edim ki, Azərbaycanla Mərkəzi Asiya arasında yaranan yeni əlaqələrin təhlükəsizlik əhəmiyyəti yalnız hərbi təhlükəsizliklə ölçülə bilməz. Bu gün nəqliyyat dəhlizlərinin, enerji xətlərinin, limanların, rəqəmsal infrastrukturun və ticarət yollarının təhlükəsizliyi birbaşa regional sabitliklə bağlıdır. Cənubi Qafqazda sabitlik Mərkəzi Asiyanın marağındadır, Mərkəzi Asiyada sabitlik isə Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın marağındadır.

Ölkələr bir-birinin nəqliyyat, enerji və iqtisadi sistemlərinə nə qədər çox bağlanırsa, regional sabitliyin qorunmasında onların ümumi marağı da bir o qədər artır. Azərbaycan Prezidentinin müsahibədə Türk Dövlətləri Təşkilatına verdiyi əhəmiyyət haqqında isə ayrıca təhlil vacibdir. Fikirimcə, burada təşkilatın yalnız mədəni və humanitar əlaqələr platforması kimi deyil, getdikcə daha praktik hal alan siyasi və iqtisadi əməkdaşlıq məkanı kimi formalaşması diqqət çəkdi.

Burda məsələ klassik mənada hərbi ittifaqdan getmir, məsələ siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat və enerji əlaqələrinin, investisiyaların və təhlükəsizlik sahəsində koordinasiyanın güclənməsinin Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırmasından gedir. Azərbaycan üçün bu format Mərkəzi Asiya ilə əlaqələri daha da gücləndirmək və Türkiyə ilə mövcud strateji tərəfdaşlığı Mərkəzi Asiya istiqaməti ilə birləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın bu prosesdən əldə etdiyi dividendlər kifayət qədər aydındır, ölkəmiz bir tərəfdən Cənubi Qafqazdakı mövqeyini qoruyur və gücləndirir, digər tərəfdən Mərkəzi Asiyada siyasi və iqtisadi iştirakını artırır. Azərbaycanın coğrafi mövqeyi burada artıq sadəcə coğrafi üstünlük deyil, strateji aktivə çevrilir. Xəzər dənizi iki regionu ayıran məkan olmaqdan daha çox, onları birləşdirən əsas kommunikasiya xəttinə çevrilir.

Azərbaycan nəqliyyat, enerji, logistika və investisiya imkanlarından istifadə etməklə özünü Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsi kimi möhkəmləndirir. Bunun isə ölkənin həm iqtisadi, həm də siyasi çəkisinə birbaşa təsiri var. Özbəkistanın da əldə etdiyi dividendlər kifayət qədər aydındır. Azərbaycan üzərindən Xəzərə, Cənubi Qafqaza, Türkiyəyə və Avropa bazarlarına çıxışın genişlənməsi Özbəkistanın xarici ticarət imkanlarını artırır.

Azərbaycanla birgə investisiya və istehsal layihələri isə Özbəkistanın sənaye potensialının inkişafına əlavə imkanlar yaradır. Ən əsası, Özbəkistan Mərkəzi Asiyanın daxilindəki mövqeyini Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən əlavə strateji xətt əldə edir. Lakin bu əməkdaşlığın ən böyük dividendi, mənim fikrimcə, yalnız Azərbaycan və Özbəkistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün əhəmiyyət daşıyır.

Cənubi Qafqaz Mərkəzi Asiya ilə daha sıx iqtisadi əlaqələr əldə edir, Mərkəzi Asiya isə Xəzər vasitəsilə Cənubi Qafqaza və daha sonra Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Beləliklə, iki region arasında nəqliyyat, enerji, investisiya və ticarət əlaqələri güclənir. Prezidentin qeyd etdiyi kimi, bu proses gələcəkdə Cənubi Qafqazla Mərkəzi Asiyanın bir-birindən ayrı geosiyasi məkanlar kimi deyil, bir-birini tamamlayan vahid geoiqtisadi məkan kimi formalaşmasına şərait yarada bilər.

Bunun da ən mühüm nəticələrindən biri regional dövlətlərin öz iqtisadi və siyasi imkanlarını şaxələndirməsi, alternativ marşrutlar əldə etməsi və xarici təsirlər qarşısında strateji manevr imkanlarını genişləndirməsidir. Məhz buna görə Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibənin əsas mesajını mən yalnız Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı kimi qiymətləndirməzdim.

Burada daha geniş bir strategiya görünür, Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya, Xəzər, Türkiyə və Avropa ilə birləşdirən daha geniş geosiyasi və geoiqtisadi sistemin formalaşmasında fəal rol oynamaq niyyətindədir. Azərbaycan üçün bunun əsas nəticəsi siyasi çəkisinin, iqtisadi imkanlarının və regional rolunun artmasıdır. Özbəkistan üçün isə Qərbə və dünya bazarlarına çıxış yollarının genişlənməsidir.

Qeyd edim ki, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün isə daha böyük bir dividend var, regionlar arasında qarşılıqlı əlaqələrin və iqtisadi asılılığın artması, yeni nəqliyyat və enerji imkanlarının yaranması və regional sabitliyin iqtisadi maraqlarla daha sıx bağlanması.

Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız iki dövlət arasındakı münasibətlər deyil. Bu əlaqələr Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşmaqda olan yeni regional düzənin bünövrəsi rolunu oynayır.

Yeganə Hacıyeva,
Mətbuat Şurası İdarə Heyətin üzvü

0