Ailələr kiçilir, doğum sayı azalır...

SOSİAL
13:58 / 21.08.2026
129

Ölkənin gələcək sosial-iqtisadi inkişafının və insan resurslarının əsas mənbəyi sayılan təbii artımın zəifləməsi cəmiyyətdə ciddi suallar doğurmağa başlayıb. 

Doğum göstəricilərinin mütəmadi olaraq aşağı düşməsi və ölüm hallarının artması Azərbaycanın demoqrafik mənzərəsində mənfi dinamikanın formalaşdığından xəbər verir. Açıqlanan rəsmi statistik məlumatlar vəziyyətin ciddiliyini aydın şəkildə ortaya qoyur. Belə ki, 2026-cı ilin ilk altı ayı ərzində ölkədə 40 798 uşaq dünyaya gəlib. 

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 45 616 nəfər təşkil edirdi. Bu isə cəmi bir il ərzində doğulan uşaqların sayında 4 818 nəfərlik, yəni 10,6 faizlik kəskin bir azalmanın baş verdiyini göstərir. Paralel olaraq, əhalinin hər 1000 nəfərinə düşən doğum nisbəti də 9,0-dan 8,0-a qədər geriləyib. 

Ayrılıqda götürülmüş bu rəqəmlər sadəcə müvəqqəti və ya ayrı-ayrı aylara təsadüf edən statistik dəyişiklik kimi qiymətləndirilə bilməz. Mütəxəssislərin fikrincə, doğum səviyyəsindəki bu eniş artıq ölkənin ümumi demoqrafik strukturuna və gələcək inkişaf perspetivlərinə birbaşa təsir edən köklü, davamlı bir tendensiyaya çevrilməkdədir.

Sosioloq Üzeyir Şəfiyev Hit.az-a açıqlamasında deyib ki, doğum göstəricilərinin geriləməsinə təsir edən amillər sırasında ailələrin gələcək övlad sayını əvvəlcədən müəyyənləşdirməsi və onların üzləşdiyi sosial-iqtisadi reallıqlar xüsusi yer tutur:

407718

“Bu gün Azərbaycan ailələrinin böyük hissəsi çoxuşaqlı modeldən daha çox, iki və ya üç uşaqlı ailə modelinə üstünlük verir. Məsələyə yalnız maddi çətinliklər prizmasından yanaşmaq düzgün deyil. Belə ki, ailə institutunda baş verən dəyişikliklər və müasir ailə planlaşdırması da burada mühüm rol oynayır. 

Cəmiyyətin sosial və mədəni inkişafı da ailələrin reproduktiv davranışına təsir göstərən amillərdən biridir. Ümumiyyətlə, təhsil və mədəni səviyyə yüksəldikcə ailələr daha az sayda uşaq sahibi olmağa meyllənirlər. 

Keçmişdə isə çoxuşaqlı ailələrə, xüsusilə də maddi imkanları məhdud olan təbəqələr arasında daha tez-tez rast gəlinirdi və bu vəziyyət xalq arasında müxtəlif ifadələrlə də xarakterizə olunurdu. Bu baxımdan, doğum səviyyəsindəki azalmanı yalnız iqtisadi amillərlə izah etmək mümkün deyil; cəmiyyətin həyat tərzinin və dəyərlərinin dəyişməsi də bu prosesə təsir göstərir”.

Ekspert hesab edir ki, ailələri daha çox uşaq sahibi olmağa təşviq edən və onların sosial təminatını gücləndirən ardıcıl demoqrafik siyasətə ehtiyac var:

“Belə tədbirlər həyata keçirildiyi halda doğum göstəricilərində müsbət dinamikanın yaranması və əhalinin yaş strukturunda tarazlığın qorunması mümkün ola bilər. Doğumların azalması davamlı xarakter aldıqda isə əhalinin ümumi yaş strukturunda yaşlı insanların xüsusi çəkisi yüksəlir və bu, demoqrafik qocalma prosesini sürətləndirir. 

Əhalinin müəyyən hissəsinin ahıllardan ibarət olması artıq cəmiyyətin yaş strukturunda ciddi dəyişikliklərin baş verdiyini göstərən göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Bu səbəbdən doğum səviyyəsinin qorunması təkcə ailələrin övlad sahibi olması məsələsi deyil, həm də ölkənin gələcək demoqrafik balansının təmin edilməsi baxımından əhəmiyyətlidir”.

Günel Cəlilova

0