Müasir gəncləri dindən uzaqlaşdıran nədir?

SOSİAL
16:35 / 20.08.2026
167

Son illərdə gənclərin dinə münasibəti cəmiyyətdə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. 

Bəzi gənclər dini inanclarını qoruyub saxladığı halda, digərləri zaman keçdikcə dindən uzaqlaşır, dini praktikaları həyatlarının əvvəlki qədər vacib hissəsi hesab etmirlər. Bu dəyişimin arxasında yalnız bir səbəb dayanmır. Sosial media və qlobal informasiya mühiti, ailə və sosial çevrənin təsiri, təhsil, fərdi dünyagörüşünün dəyişməsi, dini qurumlara münasibət və gənclərin suallarına cavab axtarışı bu prosesdə rol oynaya bilər. 

Bəs gəncləri dindən uzaqlaşdıran əsas amillər hansılardır? Bu, inancın zəifləməsi, yoxsa gənclərin dinə daha fərqli yanaşmağa başlamasıdır?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, gənclərin dindən uzaqlaşmasının bir çox səbəbi var:

407649

“Öncə sosial vəziyyət, işsizlik, naümidlik və nağılbaz, irançı axundların dini çox əcaib şəkildə təbliğ etmələridir. İmam Əli buyurur ki, fəqirlik küfrə aparır. Dini və mənəvi dəyərlərin təbliği üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu çox mütərəqqi tədbirlər görür, bu ənənələrin yaşaması üçün işlər görür. 

Bununla yanaşı, yad təsirlər, kənar müdaxilələr, mövhumat və xurafat da yaşayır. Təəssüf ki, xarici ölkələrə bağlı olan bir qrup ruhani və onların yetişdirdiyi camiə ya siyasiləşmiş dini təbliğat aparır ya da xarici din modellərini məzhəb adı altında cəmiyyətin beyninə yeridir. Bütün bu təbliğat da mövhumat və xurafatla zəngindir”.

Ekspert qeyd edib ki, müasir gənclər əsl dini həqiqətləri nə orta məktəbdə, nə universitetdə öyrənmə fürsəti tapmır: 

“Daha sonra bu cür mövhumatçı ruhanilərin çıxışlarına rastlaşır və düşünür ki, əgər din budursa bizə belə din lazım deyil. Elə deyil ki, gənclər dinin bütün dərinliyinə qədər öyrənib dərk edib sonra imtina edirlər. Əksinə, din onlara çatmır yaxud yanlış formada çatır”.

Günel Cəlilova

0