Təbiətdə bitən giləmeyvələrin toplanması adi və gündəlik fəaliyyət kimi görünsə də, son günlər bu məsələ hüquqi müstəvidə müzakirə olunur.
Rayonlardan birində böyürtkən yığan qadınların cərimələnməsi göstərib ki, təbiətdə yetişən məhsulun şəxsi ehtiyac üçün toplanması belə müəyyən hallarda qanunla məhdudlaşdırıla bilər.
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında deyib ki, əsrlər boyu meşə ərazilərində, dağlıq kəndlərdə insanlar yabanı şəkildə bitən giləmeyvə, göbələk və sair bitkilərdən istifadə ediblər, faydalanıblar:
“İnsan sağlamlığı üçün son dərəcə faydalı olan bu təbii bitkilərdən istifadə nə meşə sahəsinə, nə də torpaq qatına heç bir şəkildə zərər verə bilməz. Əlbəttə, istifadə zamanı meşə ərazisinə zərər vurmamaq, ekoloji qaydalara riayət etmək şərti ilə bu cür istifadə baş verərsə hesab edirəm ki, heç bir problemdən söhbət gedə bilməz. Üstəlik, Azərbaycan və dünya ədəbiyyatında meşədən giləmeyvə, göbələk dərən körpə əsər qəhrəmanlarının sayını xatırlatmağa dəyməz. Yəni el dilində desək, dədə-babalarımızdan üzü bəri meşələrdən, yol qıraqlarından giləmeyvə, göbələk kimi məhsullar toplamaq bir ənənə olaraq günümüzə qədər gəlib çatıb”.

Lakin həmsöhbətimiz qeyd edib ki, bu gün qanunvericilikdə bununla bağlı müddəa var və orada konkret ərazilər göstərilir:
“Qanunvericiliyinə əsasən, xüsusi olaraq qadağan edilmiş və ya yalnız xüsusi icazə (meşə bileti) ilə yığılmasına icazə verilən meşə fondu ərazilərində yabanı meyvə, giləmeyvə, qoz-fındıq və ya göbələyin özbaşına yığılması qadağandır və cərimə nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə görə, meşə fondu sahələrində bu məhsulların icazəsiz yığılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilə bilərlər.
Burası aydındır. Eyni zamanda, qanunvericilikdə qeyd olunur ki, qadağa və məhdudiyyətlər hər yerdə deyil, məhz meşə fonduna aid olan və ya xüsusi mühafizə olunan zonalarda yığılması qadağan edilən - məhdudlaşdırılan ərazilərə şamil edilir. Artıq məsələ tamamilə aydındır. Aydın olan odur ki, bu qadağalar nəzərdə tutulan ərazilər üçün keçərlidir. Lakin problem odur ki, həmin qadağan olunmuş ərazilərin girişində, yol kənarlarında bununla bağlı xəbərdarlıq lövhələri vurulmayıb və ümumiyyətlə dövrü mətbuatda bununla bağlı maarifləndirici məlumatlar gözə dəymir. Bu olduqca narahatedici məsələdir”.
Ekspertin dediyinə görə, yol kənarlarından tutmuş hətta ən ucqar ərazilərə qədər dövlətə və bələdiyyə aid torpaq fondudur:
“Onda o ərazilərdə kəkotu yığmaq üçün də hansısa dövlət qurumuna və ya Bələdiyyəyə rəsmi müraciət etməl lazımdır, eləmi? Bu çox absurd, insanların bir sıra hallarda təbii hüququnu məhdudlaşdıran, sosial narazılıq yaradan məqamlardır. Hətta qanunvericilikdə istisna hallar da nəzərdə tutulur. Bir sözlə, “harada olar, harada olmaz” – bu barədə konkret müddəa olmadığı üçün məlumatsız əhalini cərimələmək doğru deyil”.
Günel Cəlilova


