2026-cı ilin ilk altı ayında Azərbaycanda ailə qurmaq və nikahın pozulması ilə bağlı ümumilikdə 29 minə yaxın hal rəsmiləşdirilib.
Bu dövr ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində 19 min 224 nikahın dövlət qeydiyyatına alınıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara əsasən, cari ilin yanvar-iyun aylarında yeni ailələrin qurulması ötən ilin eyni dövrü ilə müqayisədə aşağı düşüb.
Əhalinin hər 1000 nəfərinə düşən göstəricilərin müqayisəsi də nikaha daxilolmaların daha nəzərəçarpacaq şəkildə azaldığını ortaya qoyur. Belə ki, 2025-ci ilin ilk yarısında hər 1000 nəfərə 4,9 nikah düşdüyü halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 3,8-ə enib. Göründüyü kimi ailə quran cütlüklərin sayı ildən ilə azalır.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda son illərdə nikahların sayında müşahidə olunan azalma ailə institutuna münasibətdə cəmiyyətdə baş verən dəyişiklikləri yenidən gündəmə gətirir:

“Açıqlanan rəqəmlər yalnız statistik göstərici deyil, eyni zamanda gənclərin həyat prioritetlərində baş verən dəyişikliklər haqqında düşünmək üçün əsas yaradır. Əvvəlki dövrlərdə müəyyən yaşa çatdıqdan sonra evlənmək insan həyatının təbii və gözlənilən mərhələlərindən biri sayılırdı. Gəncin təhsil alması, işləməsi və ardınca ailə qurması cəmiyyət tərəfindən qəbul olunmuş ənənəvi həyat modeli idi.
Bu gün isə həmin modelin qarşısında daha çox seçim mövcuddur. Gənclər təhsillərini davam etdirmək, karyera qurmaq, maddi müstəqillik əldə etmək, başqa şəhərdə və ya ölkədə yaşamaq, şəxsi inkişaflarına vaxt ayırmaq kimi prioritetləri ailə qurmaqla eyni vaxtda deyil, bəzən ondan əvvəl həyata keçirməyə çalışırlar”.
Onun sözlərinə görə, bu səbəbdən ailə qurmaqdan imtina etməkdən daha çox, ailə qurmağın vaxtını dəyişmək tendensiyası meydana çıxır:
“Maddi amil isə bu prosesdə əhəmiyyətli rol oynayır. Lakin problem yalnız toy mərasiminin xərcindən ibarət deyil. Gənc üçün əsas sual çox vaxt “toy etməyə pulum çatacaqmı?” yox, “ailə qurduqdan sonra sabit həyat qura biləcəyəmmi?” olur. Mənzil məsələsi, kirayə xərcləri, gündəlik yaşayış, gələcəkdə uşağın təminatı və ailə büdcəsinin idarə olunması kimi məsələlər nikah qərarının arxasında dayanan ciddi düşüncələrə çevrilir.
Xüsusilə bəylər baxımından burada sosial gözləntilərin də rolu var. Kişidən ailənin əsas maddi təminatçısı olması gözləntisi hələ də kifayət qədər güclüdür. Buna görə gəliri və yaşayış şəraiti istədiyi səviyyədə olmayan gənc ailə qurmaqdan çox, əvvəlcə müəyyən iqtisadi sabitliyə çatmağı düşünə bilər”.
Ekspert qeyd edib ki, qadınlarda isə proses bir qədər fərqli istiqamətdə özünü göstərə bilər:
“Təhsil və əmək bazarında iştirak imkanlarının artması qadının həyat seçimlərini genişləndirib. Karyerasını yeni qurmağa başlayan qadın ailə və övlad məsuliyyətinin peşəkar inkişafına necə təsir göstərəcəyini əvvəlcədən hesablaya bilər. Burada məsələ karyeranı ailəyə qarşı qoymaq deyil. Daha çox, ailə qurduqdan sonra həm ailəni, həm də öz peşəkar həyatını necə davam etdirəcəyinə dair narahatlıqdan söhbət gedir.
Digər mühüm amil isə boşanma təcrübəsinin cəmiyyətin ailə haqqında təsəvvürlərinə təsiridir. Gənclər artıq yalnız uğurlu ailə nümunələrini deyil, uğursuz nikahların nəticələrini də daha yaxından müşahidə edirlər. Boşanma yaxın çevrədə, sosial şəbəkələrdə və gündəlik həyatın müxtəlif sahələrində daha görünən hadisəyə çevrilib”.
K.İsmayılova hesab edir ki, müasir gəncin ailə ilə bağlı gözləntilərinin dəyişməsində sosial şəbəkələrin də müəyyən təsiri ola bilər:
“İnsanlar gündəlik olaraq ideal münasibət, ideal ailə, ideal ev və ideal həyat görüntüləri ilə qarşılaşırlar. Nəticədə real münasibətlər bəzən bu görüntülərlə müqayisə edilir. Bununla yanaşı, fərdi azadlıq anlayışının güclənməsi də nikah qərarına təsir göstərən amillərdən biridir.
Ailə qurmaq insanın həyatına yeni məsuliyyətlər gətirir və bəzi gənclər şəxsi vaxtlarını, dostluq münasibətlərini, səyahət imkanlarını, maraqlarını və karyera planlarını məhdudlaşdırmaq istəməyə bilərlər. Bu, ailə institutuna qarşı münasibətdən daha çox, öz həyatına nəzarəti itirmək qorxusu ilə əlaqəli ola bilər”.
Günel Cəlilova


