Uşaqlarda destruktiv davranışın profilaktikası ailədaxili münasibətlərin davamlı şəkildə möhkəmləndirilməsinə əsaslanmalıdır, tək-tək söhbətlərlə kifayətlənmək olmaz.
HİT.az xəbər verir ki, bu barədə uşaq psixoloqu Olqa Panfilova RIAMO-ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, öz hisslərini açıq ifadə etməyi bacaran, qəzəb və incikliyini susqunluq və ya aqressiya ilə deyil, söz vasitəsilə ifadə edən uşaq mənfi təsirlərə qarşı daha davamlı olur.
Psixoloq valideynlərə uşaqlara öz emosiyalarını tanımağı və adlandırmağı, uğursuzluqları qəbul etməyi, həmçinin ehtiyac olduqda başqalarından kömək istəməyi öyrətməyi tövsiyə edib. Onun fikrincə, bu cür davranış zəiflik deyil, güc əlamətidir.
Panfilova bildirib ki, uşağı yalnız zərərli məzmundan uzaq saxlamaq kifayət etmir. Valideynlər eyni zamanda müəyyən davranışların niyə düzgün olmadığını da izah etməlidirlər.
Ekspert vurğulayıb ki, uşağın maraq dairəsinin dəstəklənməsi və onunla səmimi ünsiyyət qurulması özünü sağlam şəkildə təsdiq etməsinə kömək edir.
“Əsas odur ki, uşağın yanında nəzarətçi kimi deyil, etibarlı dayaq kimi olun. O, nə baş verməsindən asılı olmayaraq evdə onu dinləyəcəklərini və ondan üz döndərməyəcəklərini dəqiq bilməlidir. Həqiqətən sevildiyini və hörmət gördüyünü hiss edən uşaqlar nadir hallarda zorakılıqda və radikal ideyalarda çıxış yolu axtarırlar”, deyə Panfilova bildirib.
Öz növbəsində, pedaqoq-psixoloq və “Umnoşkola” layihəsinin həmtəsisçisi Şamil Əhmədullin “Qazeta.ru”ya deyib ki, valideynlərin düzgün reaksiyası uşağın düşüncə tərzinin formalaşmasına və stressin öhdəsindən gəlmək bacarığının inkişafına birbaşa təsir göstərir.
Onun sözlərinə görə, isterika zamanı uşağın beyninin rasional düşünməyə cavabdeh hissəsi müvəqqəti olaraq fəaliyyətini zəiflədir və buna görə də uşaq öz iradəsi ilə sakitləşə bilmir. Belə vəziyyətdə böyüklərin vəzifəsi emosiyaları boğmaq deyil, uşağın beyninə onlarla sağlam şəkildə mübarizə aparmağı öyrətməkdir.
Samir


