Son illər Azərbaycanda, xüsusilə paytaxt Bakıda “Halloween” bayramına maraq nəzərəçarpacaq dərəcədə artıb.
Oktyabrın son günlərində restoranlar, ticarət mərkəzləri, əyləncə məkanları və müxtəlif istirahət obyektləri bu münasibətlə xüsusi proqramlar hazırlayır. Qorxulu obrazlar, qeyri-adi geyimlər, üz qrimi, balqabaq dekorları və kostyum yarışmaları həm uşaqların, həm də gənclərin diqqətini çəkir. Artıq bu tədbirlər yalnız əyləncə xarakteri daşımır, həm də biznes subyektlərinin müştəri cəlb etmək üçün istifadə etdiyi marketinq vasitəsinə çevrilir.
Bəs əslində “Halloween” nədir və necə yaranıb?
Oktyabrın 31-də qeyd olunan bu bayramın kökləri qədim Keltlərin Samhain ənənəsinə gedib çıxır. Həmin dövrdə insanlar ilin isti fəslinin başa çatmasını, qışın başlanmasını xüsusi mərasimlərlə qarşılayırdılar. Sonrakı əsrlərdə xristian ənənələri ilə də əlaqələnən “Halloween” zamanla indiki əyləncə formasını alıb. Bu gün dünyanın bir çox ölkəsində kostyumlar, maskaradlar, uşaqların evlərdən şirniyyat toplaması və tematik tədbirlər bu bayramın əsas atributları hesab olunur.
Azərbaycanda isə “Halloween” milli bayramlarımızdan və ənənəvi mədəni mərasimlərimizdən deyil. Buna baxmayaraq, onun ölkəmizdə populyarlaşması müəyyən suallar doğurur. Niyə başqa ölkələrin bayramları gənclərimiz arasında bu qədər maraq yaradır? Bu, sadəcə əyləncə və fərqli təcrübə axtarışıdır, yoxsa qlobal mədəniyyətin gündəlik həyatımıza təsirinin nəticəsidir?
Məsələnin digər tərəfi isə kommersiya maraqlarıdır. Restoran və əyləncə mərkəzləri “Halloween”i yeni müştərilər qazanmaq, tədbirlərə maraq yaratmaq və gəlirlərini artırmaq üçün əlverişli fürsət kimi görürlər. Beləliklə, əvvəllər müəyyən mədəni və tarixi məna daşıyan bayram müasir dövrdə həm də satış və reklam strategiyasının bir hissəsinə çevrilib.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, insanlar çox vaxt bayramın tarixi və mahiyyəti ilə maraqlanmadan onun yaratdığı atmosferə qoşulurlar. Xüsusilə uşaqlar üçün bu, fərqli geyimlər, oyunlar, şirniyyatlar və əyləncə deməkdir. Gənclər üçün isə sosiallaşmaq, dostları ilə vaxt keçirmək və sosial şəbəkələrdə fərqli görüntülər paylaşmaq imkanıdır.
Digər tərəfdən, “Halloween”ə marağın artması öz milli ənənələrimizə münasibət məsələsini də gündəmə gətirir. Novruz kimi dərin tarixi və mədəni köklərə malik bayramlarımız, xalqımızın adət-ənənələri, folkloru və milli oyunları da eyni maraqla təqdim oluna bilirmi? Xarici mədəniyyətlərə açıq olmaq öz mədəni kimliyimizi arxa plana keçirmək anlamına gəlməməlidir.
Əslində, bir bayramın xarici mənşəli olması onunla maraqlanmağı və ya əyləncə məqsədilə qeyd edilməsini avtomatik olaraq yanlış etmir. Ancaq başqa mədəniyyətlərə maraq göstərdiyimiz qədər öz dəyərlərimizi tanımağa, yaşatmağa və gələcək nəsillərə ötürməyə də diqqət yetirməliyik.
Bəlkə də əsas məsələ “Halloween”in Azərbaycanda qeyd olunub-olunmaması deyil, özümüzə aid olanı nə qədər tanımağımızdır. Çünki başqa mədəniyyətləri öyrənmək dünyagörüşünü genişləndirir, öz mədəniyyətini qorumaq isə cəmiyyətin kimliyini yaşadır.
Sevinc

