Partiya sədri: “Vahid məktəbli formasının tətbiqi çox vacib məsələdir”

TƏHSİL
11:35 / 12.10.2026
399

“Məktəblərdə həm müəllimlər, həm də şagirdlər üçün vahid geyim formasının tətbiqi vacib və çoxşaxəli bir məsələdir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, daha yaxşı elm və təhsil mühiti yaradır:


“Çünki artıq orada fərqli elementlər mövcud deyil, kimsə nəyəsə baxmır, nəyisə düşünmür və bir-birinə qarşı fərqli münasibət olmur. Hamı eyni səviyyədə, eyni paltarda və eyni görünüşdə olur. Başqa bir diqqəti cəlb edən məsələ yoxdur. Kimsə öz ideyası, əbası, saç düzümü və ya başqasının sifarişi ilə yerinə yetirilən fikirlərlə ora gəlmir. Hamı ancaq təhsil almaq və oxumaq üçün məktəbə gəlir”.

Siyasətçi qeyd edib ki, vahid formanın tətbiqi zəngin ailələrdən çıxan müəllimlərin və şagirdlərin həddindən artıq qürurlanmasını məhdudlaşdırır:
“İstər-istəməz hansı səviyyədən çıxıblarsa, o mühiti göstərməyə çalışırdılar. İndi isə tədris ocağında bu imkan onların əlindən alınaraq məhdudlaşdırılır. Eyni zamanda, kasıb ailələrdən çıxan müəllim və ya şagirdlərin də mənəvi sıxıntısı ən azından aradan qaldırılır, onlara özlərini sıxıntılı vəziyyətdə hiss etməyə imkan verilmir. Əgər kimsə lazımsız yerə qürur nümayiş etdirirsə və ya geyimindən sıxılırsa, bu, təhsil prosesinə mənfi təsir göstərir və mane olur”.

Akif Nağı onu da diqqətə çatdırıb ki, məktəblərdən tədirsə aid olmayan geyimlərin yığışdırılması çox müsbət addımdır: 
“Çünki məktəb şagirdlərin yaşlarının keçid dövrüdür və o dövrdə onların psixologiyasını başa düşmək, dərs prosesinə cəlb etmək lazımdır. Vahid məktəbli formanın tətbiqi isə bütün çətinlikləri geridə buraxaraq sağlam təhsil mühiti yaradacaq. Əgər sağlam mühit yaranarsa, artıq hər şey öz həllini tapacaq, proseslər, düşüncə və münasibətlər də sağlam olacaq”.

Elmir Mustafa

0