Məktəbli forması yalnız geyim seçimi deyil, həm də məktəb mühitində vahidlik, məsuliyyət və təhsil mədəniyyətinin formalaşmasına xidmət edən amillərdən biridir.
Son günlər vahid məktəbli formasının tətbiqi və şagirdlərin xarici görünüşü ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mövzu cəmiyyətin diqqətini çəkən məsələlərdən birinə çevrilib. Çünki məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda uşaqların davranış qaydalarını, sosial münasibətləri və ictimai məsuliyyəti öyrəndikləri mühüm mühitdir. Bu baxımdan məktəblərdə vahid geyim qaydalarının tətbiqi təhsil prosesinin təşkilində əhəmiyyətli addım hesab olunur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, şagirdlərin müəyyən edilmiş formaya uyğun geyinməsi onların məktəb həyatında ümumi qaydalara riayət etməsinə, məktəbə mənsubluq hissinin güclənməsinə və təhsil mühitində vahid yanaşmanın formalaşmasına kömək edə bilər:
“Uşaqlar arasında sosial fərqlər bəzən geyim seçimində də özünü göstərir. Bahalı brend geyimlər, dəbli aksesuarlar və fərqli üslublar şagirdlər arasında müqayisələrə, bəzi hallarda isə özünü digərlərindən geri hiss etməyə səbəb ola bilər. Vahid məktəbli forması bu fərqlərin gündəlik dərs mühitində daha az nəzərə çarpmasına şərait yarada bilər.
Belə olduqda şagirdlərin diqqətinin geyim və xarici görünüşdən daha çox dərsə, biliyə və şəxsi inkişafa yönəlməsi üçün əlverişli mühit formalaşır. Əlbəttə, vahid forma bütün sosial fərqləri aradan qaldırmır. Lakin məktəbdə hamı üçün eyni geyim standartının müəyyənləşdirilməsi uşaqların bərabərhüquqlu təhsil mühitində iştirakını simvolik və praktik baxımdan dəstəkləyə bilər”.
Həmsöhbətimiz hesab edir ki, məktəbli forması intizam və məsuliyyət vərdişlərini gücləndirir:
“Məktəb yaşından etibarən uşaqların qaydalara əməl etməyi öyrənməsi onların gələcək həyatında da əhəmiyyət daşıyır. Müəyyən edilmiş geyim qaydalarına riayət etmək uşaqlara ortaq qaydaların mövcudluğunu, şəxsi seçimlərlə kollektiv məsuliyyət arasında tarazlığın vacibliyini anlamağa kömək edə bilər. Bu yanaşma yalnız geyimlə məhdudlaşmamalıdır. Dərsə vaxtında gəlmək, müəllimlərə və sinif yoldaşlarına hörmətlə yanaşmaq, məktəb əmlakını qorumaq və tədris prosesinə məsuliyyətlə yanaşmaq da məktəb mədəniyyətinin ayrılmaz hissələridir.
Bununla belə, intizam yalnız xarici görünüşlə ölçülməməlidir. Səliqəli geyim məktəb qaydalarına əməl etməyin bir hissəsidir, lakin uşağın davranışı, biliyə münasibəti və başqalarına hörməti də eyni dərəcədə vacibdir. Məktəbli geyiminin vahid olması ilə yanaşı, şagirdlərin ümumi görünüşündə səliqəyə diqqət yetirilməsi də məktəb mədəniyyətinin bir hissəsi sayıla bilər”.
Sosioloq vurğulayıb ki, geyimin təmiz saxlanılması, məktəb formasının düzgün geyinilməsi və yaşa uyğun görünüşün qorunması bu baxımdan əhəmiyyətlidir:
“Qız və oğlan şagirdlər üçün müəyyən edilmiş səliqə standartlarının aydın olması, onların bütün şagirdlərə eyni və ayrı-seçkilik yaratmadan tətbiq edilməsi vacibdir. Məktəbli formasının tətbiqi ilə bağlı qaydalar aydın, əvvəlcədən müəyyən edilmiş və bütün şagirdlərə bərabər şəkildə izah olunmuş olmalıdır. Geyim standartlarının tətbiqi zamanı uşaqların ləyaqətinə hörmət edilməsi, onların təhsildən kənarda qalmaması və ayrı-seçkiliyə məruz qalmaması da mühüm əhəmiyyət daşıyır”.
Sevinc



