Elektromobillərin batareyası nə qədər dözümlüdür?

AVTO
11:48 / 12.10.2026
62

Elektrik avtomobillərinin batareyalarının uzunmüddətli istismar zamanı nə qədər dözümlü olduğu ilə bağlı aparılan sınaq maraqlı nəticələr ortaya qoyub.

HİT.az xəbər verir ki, Almaniyanın avtomobil klubu ADAC 2021-ci ilin mayında aldığı “Volkswagen ID.3” modeli ilə uzunmüddətli sınaq keçirib. Avtomobil artıq 220 min kilometr məsafə qət edib. Almaniyanın “AUTO BILD” nəşrinin məlumatına görə, bu qədər yürüşü olan avtomobillər ölkənin ikinci əl bazarında cəmi 7 faizdən azdır.

Yüksək yürüşə baxmayaraq, elektromobilin batareyası ilkin tutumunun 89 faizini qoruyub saxlayıb. Beləliklə, intensiv istismar dövründə batareyanın tutumu cəmi 11 faiz azalıb. Məlumata əsasən, deqradasiya hər 22 min kilometrə orta hesabla 1 faiz təşkil edib.

ADAC-ın məlumatına görə, batareya hazırda da 160 kVt güclə enerji qəbul edə bilir. Avtomobilin enerji ehtiyatını 10 faizdən 80 faizə qədər artırmaq təxminən 30 dəqiqə çəkir.

Sınaq zamanı avtomobil əsasən magistral yollarda istifadə olunub, tez-tez sürətli enerji doldurma məntəqələrinə qoşulub. Batareya dəfələrlə 100 faizə qədər doldurularaq uzun müddət bu vəziyyətdə saxlanılıb. Buna baxmayaraq, onun göstəriciləri gözləniləndən daha yaxşı olub.

2023-cü ildə “Volkswagen”in təqdim etdiyi proqram yeniləməsi də avtomobilin enerji sərfiyyatını azaltmağa kömək edib. Yeniləmə batareyanın qızdırılması sisteminin işini optimallaşdırıb və soyuq havalarda enerji itkisinin azalmasına şərait yaradıb.

ADAC sınaqları davam etdirmək niyyətindədir. Klubun növbəti hədəfi avtomobilin yürüşünü 250 min kilometrə çatdıraraq batareyanın vəziyyətini yenidən yoxlamaqdır.

Samir
 

0