Kreditə zamin duranlar nəyə diqqət etməlidir?

İQTİSADİYYAT
11:39 / 08.10.2026
177

Kimisə kredit götürərkən dəstəkləmək üçün zamin olmaq sadə bir formal prosedur kimi görünə bilər. 

Halbuki borcalan öhdəliyini yerinə yetirmədikdə zamin üçün də maliyyə məsuliyyətinin yaranması mümkündür. Yəni yaxın adama dəstək üçün zamin olmağınız sonda sizin üçün problemə çevrilə bilər. Bəs zaminlik verməzdən əvvəl hansı məqamları mütləq nəzərə almaq lazımdır?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, kreditə zamin olmaq istəyən şəxs ilk növbədə müqavilədə göstərilən kreditin məbləğinə, müddətinə və faiz dərəcəsinə diqqət yetirməlidir:

411897

“Xüsusilə söhbət kredit xəttindən gedirsə, bu məqam daha böyük əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, zamin olan şəxslər kredit xətti ilə birdəfəlik verilən kredit arasındakı fərqi bəzən nəzərə almırlar. Məsələn, kredit xətti müqaviləsində 100 min manat limit müəyyənləşdirilib və müqavilənin müddəti 10 il göstərilibsə, zamin həmin şəxsin yalnız bir dəfə 100 min manat götürəcəyini düşünməməlidir.

Kredit xətti olduğu halda borcalan müqavilənin qüvvədə olduğu müddət ərzində müəyyən edilmiş limit çərçivəsində vəsaitdən yenidən istifadə edə bilər. Bu isə o deməkdir ki, zaminin məsuliyyəti də yalnız ilk götürülən məbləğlə məhdudlaşmaya və müqavilənin müddəti boyunca davam edə bilər”.

Ekspert onu da əlavə edib ki, kredit xəttinin olub-olmamasından asılı olmayaraq, zamin müqavilənin müddətini də diqqətlə nəzərdən keçirməlidir:

“Çünki öhdəliyin müddəti zaminin məsuliyyətinin nə qədər davam edəcəyini müəyyən edən əsas məqamlardan biridir. Kreditin əsas məbləği və faiz dərəcəsi ilə yanaşı, müqavilədə nəzərdə tutulan cərimə və digər ödənişlər də diqqətdən kənarda qalmamalıdır. Borcalanın öhdəliyini vaxtında yerinə yetirməməsi müəyyən hallarda zamin üçün də maliyyə məsuliyyəti yarada bilər.

Bu səbəbdən zaminlik verməzdən əvvəl müqavilənin bütün şərtlərini, xüsusilə kreditin növünü, limitini, müddətini, faizlərini və mümkün cərimələri ətraflı şəkildə nəzərdən keçirmək vacibdir”.

Sevinc

0