İğdırın Karakoyunlu rayonuna çatanda bizi ilk qarşılayan adi bir muzey mənzərəsi olmadı.
Burada vitrində nümayiş etdirilən eksponatlar, qapalı salonlar, şüşə arxasında qorunan əşyalar yox idi. Tarix açıq səmanın altında, daşların üzərində qarşımızda dayanmışdı.
Koç Başlı Açıq Hava Muzeyinə daxil olanda diqqətimi ilk çəkən qoç və at formasında hazırlanmış məzar daşları oldu. İlk baxışda bunlar sadəcə daş heykəllər təsiri bağışlayır. Amma bir qədər diqqətlə baxanda anlayırsan ki, onların hər birinin arxasında ayrıca bir insan, bir həyat və bir dövr dayanır. Bəlkə də bu məkanın ən maraqlı tərəfi elə budur: burada tarix oxunmur, ona baxılır.
Daşların üzərində qalan izlər
Qoç və at formasında məzar daşı hazırlamaq ənənəsinin kökləri Orta Asiyanın Altay və Minusinsk bölgələrinə, e.ə. I minilliyə qədər gedib çıxır. Bu ənənənin Anadolu və Qafqazda da davam etdiyi, xüsusilə XIV–XV əsrlərdə Qarqoyunlu və Ağqoyunlu dövlətləri dövründə geniş yayıldığı bildirilir.
İğdırdakı bu məzarlıq ərazisinin də həmin uzun tarixi ənənənin izlərini qoruduğu qeyd olunur. 1991-ci ildə ərazi dövlət qeydiyyatına alınaraq qoruma altına götürülüb və sonradan Açıq Hava Muzeyinə çevrilib.
Burada dayanıb daşlara baxarkən insan istər-istəməz düşünür: əsrlər əvvəl yaşayan insanlar özləri haqqında gələcək nəsillərə nə demək istəyiblər?
Cavab isə daşların üzərindədir....
Bir qoç – bir insanın hekayəsi
Məzar daşlarının üzərindəki fiqurların təsadüfi seçilmədiyi bildirilir. Qoç fiquru gücün, cəsarətin, qəhrəmanlığın və liderliyin simvolu kimi təqdim olunur. Bəzi mənbələrdə bu tip daşların döyüşçü və igid kişilərin məzarlarında istifadə edildiyi qeyd edilir.
Qılınc, xəncər, ox, tüfəng kimi təsvirlərə rast gəldikdə isə daşın altında yatan insanın həyatını təsəvvür etmək daha asan olur. Bəlkə də o, döyüşçü olub. Bəlkə at belində ömrünü keçirib. Bəlkə də yaşadığı cəmiyyətdə söz sahibi olub. Daş isə onun haqqında danışmadan bunları bizə anlatmağa çalışır.
Qadın məzarlarında isə başqa simvollara rast gəlindiyi bildirilir. Kirman, iynə, tikmə alətləri və toxuculuqla bağlı təsvirlər qadınların əl sənətlərindəki bacarıqlarını ifadə edən işarələr kimi izah olunur.
İbrik, sini və qab-qacaq təsvirləri isə qonaqpərvərliyi və süfrə mədəniyyətini simvolizə edir. At və süvari fiqurları isə artıq başqa bir həyat tərzindən xəbər verir – atçılıq, döyüş, rəhbərlik və nüfuz.
Daşların dili
Muzeydəki məzar daşlarına baxdıqca bir məqam xüsusilə maraq doğurur: həmin dövrdə yazının geniş yayılmadığı bir cəmiyyətdə insan haqqında məlumatı simvollar çatdırırdı. Bu gün biz bir insanı haqqında yazılan bioqrafiya ilə tanıyırıq.
Əsrlər əvvəl isə bəzən bir qılınc, bir at, bir toxuculuq aləti və ya bir qoç buynuzu həmin insanın həyatından xəbər verirdi. Həyat ağacı, günəş və çarxvari təsvirlər də bu daşların üzərində diqqət çəkən qədim motivlərdəndir. Onların ruhun ölümsüzlüyü, həyatın və kainatın dövranı ilə əlaqələndirildiyi bildirilir. Qoç buynuzu motivi isə güc, bolluq və nəslin davamlılığı ilə əlaqələndirilən qədim türk simvollarından biri kimi təqdim edilir.
İğdırdan daha uzağa gedən iz
Koç Başlı Açıq Hava Muzeyini yalnız İğdırın bir tarixi məkanı kimi qiymətləndirmək çətindir. Çünki bu daşların izi daha geniş coğrafiyaya yayılır. Türkiyənin müxtəlif bölgələrində – Tunceli, Erzurum, Ərzincan, Qars, Ardahan, Van və Bitlis kimi ərazilərdə də qoç və at formasında məzar daşlarının nümunələri mövcuddur.
Bu mədəni irsin izlərinə Azərbaycan və Naxçıvanda, eləcə də İranın Təbriz, Urmiya və Ərdəbil bölgələrində rast gəlindiyi qeyd olunur. Bu isə qarşımızdakı daşların sadəcə yerli tarix nümunəsi olmadığını göstərir. Onlar Orta Asiyadan Anadoluya və Qafqaza qədər uzanan böyük bir mədəni yolun daşlaşmış izləridir.
Daşların susduğu, amma danışdığı yer
Muzeydən çıxmağa hazırlaşarkən bir daha arxaya çevrilib həmin daşlara baxdım. Əsrlər keçib. İnsanlar dəyişib, dövlətlər dəyişib, sərhədlər dəyişib, amma daşlar qalıb. Onların üzərindəki qoçlar, atlar, qılınclar, ağaclar və digər simvollar isə keçmişdən bu günə qədər gəlib çıxıb.
Bəlkə də bu muzeyin ən böyük dəyəri elə bundadır. Burada tarix kitab səhifəsində deyil. Tarix qarşında dayanıb.
Sən ona baxdıqca anlayırsan ki, bəzən bir xalqın yaddaşını qorumaq üçün uzun mətnlərə ehtiyac yoxdur. Bir daş da kifayət edir. İğdırdakı Koç Başlı Açıq Hava Muzeyi də əsrlərin yaddaşını məhz belə qoruyur – səssiz, amma çox şey danışaraq...
Gülnarə Əmirqızı
İğdır

















