Telefon söndürülmüş olsa da, niyə enerji itkisi davam edir?

TEXNO
19:40 / 29.07.2026
48

Bir çox istifadəçi hesab edir ki, smartfon söndürüldükdən sonra batareyanın enerji səviyyəsi dəyişməz qalır. Lakin mütəxəssislərin sözlərinə görə, elektriklə işləyən əksər qurğular kimi smartfonlar da söndürüldükdən sonra müəyyən qədər enerji itirməyə davam edir.

HİT.az xəbər verir ki, qısa müddət istifadə olunmayacaq telefonun söndürülməsi batareyanın ömrünü qorumaq baxımından faydalı olsa da, aylarla istifadə edilməyən cihazın əvvəlki enerji səviyyəsini saxlaması mümkün deyil.

Bunun əsas səbəblərindən biri telefon söndürüldükdən sonra da bəzi elektron dövrələrin işləməyə davam etməsidir. Güc düyməsinə basıldıqda cihazın dərhal işə düşməsini təmin edən, həmçinin tarix və saat məlumatlarını saxlayan sistemlər batareyadan çox az miqdarda olsa da, fasiləsiz enerji istifadə edir.

Daha mühüm səbəb isə litium-ion batareyaların təbii kimyəvi xüsusiyyətləridir. Mütəxəssislər bildirirlər ki, "öz-özünə boşalma" adlanan bu proses nəticəsində söndürülmüş cihaz hər ay orta hesabla batareya enerjisinin 1–2 faizini itirir. Ətraf mühitin temperaturunun yüksək olması isə bu prosesi daha da sürətləndirir.

Bununla yanaşı, telefonun gözləmə rejimində açıq saxlanılması batareyanın daha sürətlə boşalmasına səbəb olur. Bildirişlərin ekranda görünməsi və arxa planda işləyən tətbiqlər enerji sərfiyyatını artırdığı üçün cihaz uzun müddət istifadə olunmayacaqsa, onu söndürmək daha məqsədəuyğun hesab edilir.

Mütəxəssislər uzun müddət istifadə edilməyəcək telefonun batareyasının tam doldurulmasını və ya tam boşaldılmasını da tövsiyə etmirlər. Onların fikrincə, ən uyğun variant batareyanı təxminən 50 faiz səviyyəsində saxlayaraq cihazı söndürmək və bir neçə aydan bir enerji səviyyəsini yoxlayıb həmin göstəricini qorumaqdır.

Əks halda, batareyanın uzun müddət tam boş vəziyyətdə qalması "dərin boşalma" adlanan təhlükəli prosesə səbəb ola bilər. Bu vəziyyət batareyanın daxilindəki mis komponentlərin zədələnməsinə, tutumun daimi azalmasına, elementlərin sıradan çıxmasına və hətta qısaqapanma riskinin yaranmasına gətirib çıxara bilər.

Samir
 

0