Mütəxəssislər 2026-cı ildə qiymət və texniki göstəricilərin uyğunluğuna görə ən sərfəli smartfonu müəyyən ediblər. Reytinqdə bir çox istifadəçinin gözlədiyinin əksinə olaraq “Samsung” deyil, “Xiaomi” şirkətinin “Poco X8 Pro” modeli birinci yeri tutub.
HİT.az xəbər verir ki, bu barədə CHIP-in araşdırmasında deyilir.
Ekspertlərin sınaqlarının nəticələrinə görə, “Poco X8 Pro” qiymət-keyfiyyət göstəricisi üzrə 1,0 bal alaraq “çox sərfəli alış” kateqoriyasına daxil edilib. Müqayisə üçün qeyd olunur ki, premium seqmentdəki “Oppo Find X9 Ultra” 4,8, “iPhone 18 Pro” isə 5,3 balla qiymətləndirilib.
Smartfonun əsas üstünlüklərindən biri 6,6 düymlük OLED ekranıdır. Cihaz “Dimensity 8500 Ultra” prosessoru ilə təchiz olunub. Bu çip yüksək məhsuldarlığı ilə flaqman modellərinə yaxın performans nümayiş etdirir. Sınaqlar zamanı telefonun uzunmüddətli istifadədə belə həddindən artıq qızmadığı bildirilib.
Ekspertlər cihazın batareya göstəricilərini də müsbət qiymətləndiriblər. Testlər zamanı enerji ehtiyatı 18 saatlıq aktiv istifadəyə kifayət edib. Sürətli naqilli enerji yığma texnologiyası sayəsində batareyanı cəmi 30 dəqiqəyə 67 faizə qədər doldurmaq mümkündür. Bununla belə, modeldə simsiz enerji yığma funksiyası yoxdur.
Kamera imkanları da qənaətbəxş hesab edilib. Əsas kamera həm gündüz, həm də zəif işıqlandırma şəraitində detallı və təbii rənglərə malik fotolar çəkə bilir. Video çəkilişini saniyədə 60 kadr olmaqla 4K formatında həyata keçirmək mümkündür. Lakin telefonda telefoto obyektivin olmaması uzaq məsafədən çəkiliş zamanı rəqəmsal zumun keyfiyyətini məhdudlaşdırır.
“Poco X8 Pro” Android əməliyyat sistemi və “HyperOS” interfeysi ilə işləyir. İstehsalçı cihaz üçün 2032-ci ilədək proqram yeniləmələri vəd edir. Mütəxəssislərin diqqət çəkdiyi çatışmazlıqlar arasında əvvəlcədən quraşdırılmış əlavə tətbiqlər və reklamlar da var.
Modelin 8/256 GB yaddaşa malik baza versiyasının qiyməti 335 avrodan başlayır. 12/512 GB yaddaşlı daha güclü versiya isə 480 avrodan təklif olunur.
Ekspertlərin qənaətinə görə, “Poco X8 Pro” flaqman smartfonlara yüksək məbləğ ödəmək istəməyən, lakin güclü texniki göstəricilərə və yaxşı batareya imkanlarına üstünlük verən istifadəçilər üçün sərfəli seçimdir.
Samir


