Çin GPS-in əsas problemlərindən birini həll etdi - Yeni sistem yeraltında da işləyəcək

TEXNO
09:20 / 06.11.2026
35

Çinli alimlər peyk siqnalına ehtiyac duymadan işləyən yeni naviqasiya texnologiyası hazırlayıblar. “Sin Yuan” adlandırılan sistem tunellərdə, mədənlərdə və yeraltı dayanacaqlarda dəqiq mövqeyi müəyyən etməyə imkan verəcək. Üstəlik, texnologiyadan istifadə üçün xüsusi cihazlara ehtiyac olmayacaq.

HİT.az xəbər verir ki, bu barədə "Rakéta" portalı məlumat yayıb.

CETC54 elmi-tədqiqat institutunun mütəxəssisləri tərəfindən hazırlanan sistem Çinin “BeiDou” peyk naviqasiya şəbəkəsi ilə inteqrasiya olunsa da, koordinatları yeraltında quraşdırılmış baza stansiyaları vasitəsilə müəyyənləşdirir. Tərtibatçıların sözlərinə görə, texnologiya adi smartfonlarda da işləyə bilər.

Yeni sistemin yaradılmasının əsas səbəbi GPS-in yeraltında üzləşdiyi problemdir. Peyk siqnalları qalın torpaq və beton qatlarından keçə bilmədiyindən tunellərdə, şaxtalarda və qapalı dayanacaqlarda naviqasiya ya zəifləyir, ya da tamamilə kəsilir.

Məlumata görə, yeni texnologiya piyadaların yerini 20 santimetrdən az xəta ilə müəyyən edə bilir. Hərəkətdə olan pilotsuz avtomobillər üçün isə mövqeləndirmə xətası bir metrdən çox deyil.

Layihə çərçivəsində Çində ilk tam yerli impuls mövqeləndirmə çipi də hazırlanıb. Bu çip məsafəni 10 santimetr dəqiqliklə ölçür, istiqaməti isə maksimum üç dərəcə xəta ilə müəyyənləşdirir.

Texnologiyanın xüsusilə kömür şaxtalarında və yeraltı sənaye obyektlərində faydalı olacağı gözlənilir. Sistem vasitəsilə işçilərin hərəkətini izləmək, yükdaşıma proseslərini avtomatlaşdırmaq və yerüstü ərazilərlə yeraltı məkanlar arasında naviqasiyanın fasiləsizliyini təmin etmək mümkün olacaq.

Samir

0