Qlobal hədəflər Aralıq dənizi sahillərində: Alanyada 2026-cı il Dünya Çimərlik Futbolu Klubları Kuboku

TURİZM
14:47 / 21.10.2026
55

Antalyanın füsunkar Aralıq dənizi sahilləri yalnız istirahət üçün deyil, həm də beynəlxalq idman tədbirləri üçün əlverişli məkan kimi tanınır.

“Türk Hava Yolları Açıq Çempionatı” qolf turnirindən Alanya triatlonunadək bir çox nüfuzlu yarış şəhərin beynəlxalq idman mərkəzi kimi mövqeyini gücləndirir. İndi isə çimərlik futbolu üzrə dünyanın aparıcı klub yarışı olan Dünya Çimərlik Futbolu Klubları Kuboku yeddi illik fasilədən sonra ilk dəfə keçirildiyi Alanyaya qayıdır. Antalya çimərlik idmanının əsas ünvanlarından biri olan Alanya bu mötəbər yarışa yenidən ev sahibliyi etməyə hazırlaşır.

Çimərlik Futbolu üzrə Dünya Təşkilatının şəhərin aidiyyəti qurumları ilə əməkdaşlığı çərçivəsində keçiriləcək turnirin altıncı buraxılışı 26 oktyabr – 1 noyabr tarixlərində dünyanın müxtəlif ölkələrindən ən güclü çimərlik futbolu komandalarını bir araya gətirəcək. Yarışlar Beynəlxalq Voleybol Federasiyası tərəfindən Beynəlxalq Mükəmməllik Mərkəzi statusuna layiq görülmüş Alanya Beynəlxalq Çimərlik İdmanı Mərkəzində keçiriləcək. Mərkəz həm idmançılar, həm də tamaşaçılar üçün yüksək səviyyəli şərait təqdim edir.

2026-cı ildə turnirdə beş qitəni təmsil edən 44 klub mübarizə aparacaq. Kişi və qadın komandaları eyni həftə ərzində çimərlik futbolu üzrə bacarıqlarını nümayiş etdirəcəklər. 3 300 tamaşaçı tutumuna malik tribunası və dörd əsas yarış meydançası ilə Alanya Beynəlxalq Çimərlik İdmanı Mərkəzi qarşılaşmalar üçün möhtəşəm şərait yaradır. İdmançılar və tamaşaçılar üçün nəzərdə tutulan xüsusi istirahət zonaları, eləcə də peşəkar işıqlandırma sistemləri yarışların axşam saatlarında da davam etməsinə imkan verir.

Hər il təxminən 800 idmançı, komanda nümayəndəsi və media təmsilçisini qəbul edən turnir Alanyada beynəlxalq idman mühiti formalaşdırmaqla yanaşı, şəhərin dünyada tanıdılmasına da mühüm töhfə verir. Bütün qarşılaşmaların 100 ölkədə canlı yayımlanması yarışların əhatə dairəsini Aralıq dənizi sahillərindən kənara çıxararaq milyonlarla tamaşaçıya çatdırır. Bu il yarışların 29 oktyabr – Türkiyə Cümhuriyyət Gününə təsadüf etməsi isə tribunaların coşğusuna və tədbirin ümumi ab-havasına xüsusi rəng qatacaq.

İldə 300 gündən çox günəşli hava şəraiti ilə seçilən Antalya uzun yay mövsümü sayəsində ziyarətçilərə Dünya Çimərlik Futbolu Klubları Kubokunun həyəcanını Aralıq dənizinin sahillərində istirahətlə birləşdirmək imkanı yaradır. Dünyanın ən çox ziyarət edilən istirahət məkanlarından biri olan Antalyanın şərqində yerləşən Alanya şəhərin əsas turizm bölgələrindən biridir. Füsunkar sahil zolağı, yüksək səviyyəli hotelləri, geniş çimərlikləri və təmiz dəniz suları ilə tanınan Alanya hər il çoxsaylı turistləri cəlb edir.

Hər il milyonlarla istirahətçinin üz tutduğu Alanya, eyni zamanda, Antalyanın idman turizmi sahəsində seçilən məkanlarından biridir. Son illərdə həyata keçirilən investisiyalar və müasir idman infrastrukturu sayəsində bölgədə triatlondan tutmuş böyük velosiped yarışlarınadək müxtəlif beynəlxalq tədbirlər keçirilir.

Təkcə bu il Alanyanın təqvimində 24 beynəlxalq idman tədbiri yer alır. Müasir infrastrukturun, əlverişli iqlim şəraitinin və ilboyu davam edən idman tədbirlərinin vəhdəti Alanyanın Avropa və Aralıq dənizi regionunda aparıcı çimərlik idmanı məkanlarından biri kimi tanınmasını gücləndirir.

Beynəlxalq idmançıların iştirakının artması və tədbirlərin sayının çoxalması bölgənin dünya miqyasında mövqeyini daha da möhkəmləndirir. Bu inkişafın mərkəzində isə Alanya Beynəlxalq Çimərlik İdmanı Mərkəzi dayanır. Dünya Çimərlik Futbolu Klubları Kuboku Alanyanın bu üstünlüklərini beynəlxalq auditoriyanın diqqətinə çatdırmaqla şəhərin dünyanın müxtəlif ölkələrindən olan idmançılar və idman həvəskarları üçün cəlbediciliyini daha da artırır.

0