Qarabağ Milli Parkı yaradılır – “Turizmə böyük töhfə verəcək”

TURİZM
13:00 / 21.10.2026
279

Ötən gün Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması barədə Sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, parkın ərazisi 88418,00 hektar olacaq. Bu istiqamətdə addımları atmaq Nazirlər Kabinetinə tapşırılıb. Ekspertlər hesab edirlər ki, Qarabağ Milli Parkının yaradılması olduqca mühüm hadisədir. Çünki çox böyük ərazini əhatə edəcək park bölgənin də inkişafına ciddi təkan verəcək. Üstəlik, Qarabağ Milli Parkı bölgənin turizm potensialını da artıracağı proqnozlaşdırılır. 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Hit.az-a açıqlamasında bildirib ki, Qarabağ Milli Parkının yaradılması bölgənin turizm potensialının genişləndirilməsi və təbii sərvətlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır:


“Bu təşəbbüs Qarabağın zəngin biomüxtəlifliyinin, meşəlik ərazilərinin və unikal təbiət mənzərələrinin gələcək nəsillər üçün qorunmasına töhfə verəcək. Eyni zamanda, milli park ekoturizmin, təbiət turlarının və elmi-maarifləndirici səfərlərin inkişafı üçün yeni imkanlar yaradacaq. Düşünürəm ki, Qarabağ Milli Parkı gələcəkdə həm yerli, həm də xarici turistlərin maraq göstərəcəyi mühüm turizm məkanlarından birinə çevrilə bilər”. 

Ekspert qeyd edib ki, bu proses bölgədə yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına və əhalinin məşğulluğunun artmasına da müsbət təsir göstərəcək:
“Əsas məqsəd turizm infrastrukturunu ekoloji tarazlığı qorumaq prinsipi əsasında qurmaq və təbiətdən səmərəli istifadəni təmin etmək olmalıdır. Qarabağ Milli Parkının yaradılması, düzgün planlaşdırıldığı təqdirdə, bölgənin ekoloji təhlükəsizliyinə, iqtisadi dirçəlişinə və Azərbaycanın beynəlxalq turizm imicinin güclənməsinə xidmət edə bilər”.

Pərviz

0