Konservləşdirilmiş skumbriya yüksək omeqa-3 yağ turşuları, D vitamini və nisbətən aşağı civə tərkibi ilə tunaya alternativ hesab olunur. Mütəxəssislər bildirirlər ki, qida rasionunda yalnız tuna balığına üstünlük vermək əvəzinə müxtəlif balıq növlərini növbələşdirmək daha məqsədəuyğundur.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN nəşri İspaniyanın “El Español” nəşrinə istinadən məlumat yayıb.
Balıq satıcısı və qidalanma üzrə məlumatlandırıcı Fran Rodrigesin sözlərinə görə, skumbriya qida dəyərinə görə diqqətə layiq məhsuldur. O hesab edir ki, tunanın geniş yayılması müəyyən mənada marketinqin təsiri ilə bağlıdır.
Mütəxəssisin diqqət çəkdiyi əsas fərqlərdən biri omeqa-3 yağ turşularının miqdarıdır. İspaniya Ürək Fondunun məlumatlarına əsasən, 100 qram skumbriyada təxminən 2,67 qram, tunada isə 1,29 qram omeqa-3 mövcuddur. Bu göstəricilər balığın növündən və hazırlanma üsulundan asılı olaraq dəyişə bilər.
Skumbriya həmçinin D vitamini, B12 vitamini, selen, fosfor və kaliumla zəngindir. Bu balıq orqanizm üçün vacib olan yüksək keyfiyyətli zülal mənbəyi də hesab olunur. Bununla belə, bəzi tuna konservlərində 100 qram məhsula düşən zülal miqdarı skumbriyadan daha yüksək ola bilər.
Digər mühüm fərq civə ilə bağlıdır. İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) məlumatına görə, iri yırtıcı balıqlar qida zənciri boyunca daha çox civə toplaya bilər. Qırmızı tuna yüksək civə tərkibli balıqlar sırasında göstərildiyi halda, skumbriya bu maddənin aşağı səviyyədə olduğu növlərə aid edilir. Bununla belə, bütün tuna növlərinin eyni miqdarda civə ehtiva etmədiyi, konservlərdə müxtəlif tuna növlərindən istifadə olunduğu vurğulanır.
AESAN əhaliyə həftədə üç-dörd porsiya balıq yeməyi, müxtəlif növlərə üstünlük verməyi tövsiyə edir. Hamilə qadınlara, hamiləlik planlaşdıranlara, süd verən analara və 10 yaşadək uşaqlara isə civə miqdarı yüksək olan balıq növlərindən uzaq durmaq məsləhət görülür.
Mütəxəssislərin fikrincə, tuna balığından tamamilə imtina etməyə ehtiyac yoxdur. Skumbriya, sardina və digər yağlı balıqları da qida rasionuna daxil etmək daha müxtəlif və balanslı qidalanmağa kömək edə bilər. Konserv alarkən isə duz miqdarı aşağı olan məhsullara üstünlük vermək tövsiyə olunur.
Samir


