Yapon avtomobil istehsalçısı "Mazda" 2026-cı il "CX-5" modelində böyük sensor ekranlarına keçidlə diqqətçəkən qərar qəbul edib. Şirkət yeni sistemi daha rahat və təhlükəsiz hesab etsə də, simulyasiya araşdırmaları ekran mərkəzli avtomobildaxili texnologiyaların sürücülərin reaksiya müddətinə mənfi təsir göstərə biləcəyini ortaya qoyur.
HİT.az xəbər verir ki, avtomobil sənayesində sensor ekranlarından fiziki düymələrə qayıdış tendensiyası gücləndiyi bir dövrdə, "Mazda" bu istiqamətə qoşulmayacağını rəsmən açıqlayıb. Şirkət 2026-cı il "CX-5" modeli ilə birlikdə fiziki düymələrə geri dönməyəcəyini bəyan edib. Yeni avtomobillərdə istifadə olunan 12,9 düym və 15,6 düymlük böyük ekranlar fiziki idarəetmə elementlərinə alternativ yanaşma kimi qiymətləndirilir.
Şirkət bu qərarı müasir sürücülərin smartfon istifadəsi vərdişlərinə uyğunlaşmaq cəhdi kimi izah edir.
Əvvəlki illərdə "Mazda" sürücülərin diqqətini yoldan yayındırmamaq məqsədilə toxunma panellərindən uzaqlaşmaq qərarı vermişdi. Həmin dövrdə aparılan araşdırmalar ekran üzərindən əməliyyatların avtomobilə nəzarəti zəiflədə biləcəyini göstərirdi.
Hazırda isə şirkət "Google" infrastrukturu əsasında işləyən və səsli əmrlərlə idarə olunan yeni nəsil interfeysin fiziki düymələrdən daha az diqqət yayındırdığını bildirir. Gündəlik həyatda istifadə olunan texnologiyalarla avtomobildaxili sistemlər arasında oxşarlığın yaradılması istifadə rahatlığını artırmaq məqsədi daşıyır.
"CX-5" modelində tətbiq edilən bu proqram təminatı gələcəkdə "Mazda"nın digər avtomobilləri üçün də əsas platforma rolunu oynaya bilər. Hələlik digər modellərlə bağlı rəsmi açıqlama verilməsə də, sistemin zamanla bütün məhsul xəttinə yayılması ehtimalı yüksək qiymətləndirilir.
Bununla yanaşı, 2025-ci ildə keçirilmiş sürücülük simulyasiyası araşdırması ekran istifadəsinin idrak yükünü artırdığı ilə bağlı narahatlıqların davam etdiyini göstərib. Tədqiqatın nəticələrinə görə, toxunma ekranı vasitəsilə əməliyyat aparan sürücülərin reaksiya müddəti əhəmiyyətli dərəcədə uzanır və onların zolaqda hərəkəti izləmə göstəriciləri mənfi təsirə məruz qalır.
Samir


