Soyuq havalarda avtomobili işə saldıqdan sonra mühərrikin uzun müddət boş rejimdə işləməsinə imkan vermək düzgün hesab edilmir. Mütəxəssislərin fikrincə, bu vərdiş yanacaq sərfiyyatını artırmaqla yanaşı, avtomobilin bəzi mexaniki hissələrinin daha tez aşınmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, mexanik Bittor Ariel qış aylarında avtomobilin düzgün qızdırılması qaydalarını açıqlayıb. Bu barədə “mariefrance.fr” portalı məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, mühərriki işə saldıqdan sonra avtomobili 10 dəqiqə yerində saxlamaq əvəzinə, təxminən 30 saniyə gözləmək kifayətdir. Bu müddət ərzində mühərrik yağı dövr etməyə başlayır. Daha sonra avtomobili aşağı dövrlərdə, təxminən 2000–2500 dövr/dəqiqə göstəricisini keçmədən hərəkətə gətirmək tövsiyə olunur.
Uzun müddət boş rejimdə işləyən mühərrikdə qurum əmələ gəlməsi sürətlənə, saatda 1–2 litr yanacaq sərf oluna bilər. Bundan başqa, avtomobil yerində dayanarkən mühərrik qızsa da, sürət qutusu, podşipniklər və transmissiyanın digər hissələri kifayət qədər isinmir.
Avtomobili qışda düzgün işə salmağın 6 qaydası
Mütəxəssislər sürücülərə bir neçə sadə qaydaya əməl etməyi məsləhət görürlər:
1. Mühərriki işə salmazdan əvvəl radio, oturacaq qızdırıcısı və arxa şüşənin qızdırılması kimi elektrik cihazlarını söndürün. Bu, akkumulyatora düşən yükü azaldır.
2. Mexaniki sürət qutusu olan avtomobillərdə mühərriki işə salarkən mufta pedalını sona qədər sıxın.
3. Starteri beş saniyədən artıq işə salınmış vəziyyətdə saxlamayın. Mühərrik işə düşməzsə, növbəti cəhddən əvvəl təxminən 20 saniyə gözləyin.
4. Mühərrik işə düşdükdən sonra qaz pedalını kəskin basmayın. Təxminən 20–30 saniyə gözləyin.
5. Hərəkətə başlamazdan əvvəl ön və digər şüşələri buzdan təmizləyərək görünüşü təmin edin.
6. Avtomobili tədricən hərəkətə gətirin, kəskin sürətlənmələrdən və yüksək dövrlərdən çəkinin.
Mütəxəssisin izahına görə, bu üsulla mühərrik, sürət qutusu və transmissiya hərəkət zamanı tədricən qızır. Yağ mexaniki hissələr arasında daha yaxşı paylanır, soyuq vəziyyətdə sürtünmə azalır. Nəticədə həm yanacağa qənaət etmək, həm də avtomobilin mexaniki hissələrinin istismar müddətini uzatmaq mümkündür.
Qeyd edək ki, mühərrikin qızdırılması ilə bağlı tövsiyələr avtomobilin modelindən, mühərrik növündən və istehsalçının təlimatlarından asılı olaraq dəyişə bilər. Sürücülərə avtomobillərinin istifadə kitabçasındakı göstərişləri də nəzərə almaq tövsiyə olunur.
Samir


