Çinin "BYD" şirkəti Yaponiya bazarında yeni "Racco" elektrikli miniavtomobilini təqdim edib. Şirkət bu modelin indiyədək ciddi uğur qazana bilmədiyi Yaponiya bazarında satışlarını əhəmiyyətli dərəcədə artıracağına ümid edir.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Vergilər ödənildikdən və dövlət subsidiyaları nəzərə alındıqdan sonra "Racco"nun baza versiyasını 2 milyon yendən (12 213 ABŞ dolları) aşağı qiymətə almaq mümkün olacaq.
Analitiklərin fikrincə, məhz bu qiymət avtomobilin əsas üstünlüyüdür. Çünki o, Yaponiyada ən populyar elektrikli kei-avtomobillərdən biri olan "Nissan Sakura" ilə eyni qiymət seqmentində rəqabət aparacaq.
"Qiymətə baxanda aydın olur ki, "BYD" Yaponiya bazarında ciddi rəqabət aparmaq niyyətindədir", – deyə "Mizuho Bank"ın analitiki Tan Cin bildirib.
Şirkət 2026-cı ilin sonunadək "Racco" modeli üçün 10 min sifariş toplamağı planlaşdırır. Analitiklərin sözlərinə görə, gözlənilən satışlar baş tutmasa, "BYD" reklam kampaniyalarını genişləndirə və ya avtomobilə əlavə funksiyalar təqdim edə bilər.
Şirkət nümayəndələri də etiraf edirlər ki, 10 min sifariş hədəfi daha çox öz imkanlarına inamdan irəli gəlir və bazar araşdırmalarına tam əsaslanmır.
"Racco" bir enerji doldurulması ilə 320 kilometrədək məsafə qət edə bilir. Model Yaponiyada alıcıların üstünlük verdiyi sürüşən arxa qapılarla təchiz olunub.
Kei-avtomobillər Yaponiyada yeni avtomobil satışlarının təxminən üçdə birini təşkil edir. Bu seqmentə uzun illərdir əsasən "Honda" və "Suzuki" kimi yerli istehsalçılar nəzarət edir.
"BYD" 2023-cü ilin əvvəlində Yaponiya bazarına daxil olduqdan sonra 2025-ci ilin sonunadək ölkədə 7 400-dən bir qədər çox avtomobil sata bilib.
Mütəxəssislər hesab edirlər ki, "Racco"nun təqdimatı Çin avtomobil istehsalçılarının Yaponiya şirkətləri üzərində rəqabət təzyiqini daha da artıracaq. Xüsusilə də Yaponiya markalarının dünyanın ən böyük avtomobil bazarı olan Çində mövqelərini tədricən "BYD" və digər yerli istehsalçılara uduzduğu bir dövrdə.
Samir


