Azərbaycanda ağıllı nəqliyyat sistemlərinin inkişafına hesablanmış yeni qanunvericilik mərhələsi başlayır.
Prezident İlham Əliyevin təsdiqlədiyi son dəyişikliklər müxtəlif nəqliyyat növlərində süni intellekt və avtomatlaşdırılmış idarəetmə texnologiyalarının tətbiqini hüquqi baxımdan tənzimləyəcək. Qanun yalnız sürücüsüz nəqliyyat vasitələrinin istifadəsini deyil, həm də onların təhlükəsiz istismarına cavabdeh olan operatorların, uzaqdan nəzarət mərkəzlərinin və bu sahədə fəaliyyət göstərəcək digər iştirakçıların hüquq və öhdəliklərini də müəyyənləşdirir.
İndi isə maraq doğuran əsas məsələ budur: qəbul edilən bu hüquqi yeniliklər Azərbaycanda sürücüsüz avtomobillərin real istifadəsinə keçidin ilk addımı kimi qiymətləndirilə bilərmi, yoxsa bunun üçün hələ əlavə texniki və infrastruktur hazırlıqlarına ehtiyac var?
Nəqliyyat eksperti Ərşad Hüseynov Hit.az-a açıqlamasında deyib ki, sürücüsüz avtomobillərin istifadəsinə yalnız onların bütün yol şəraitində insan müdaxiləsi olmadan təhlükəsiz və qaydalara uyğun hərəkət edə bildiyi sübuta yetirildikdən sonra icazə verilə bilər:

“Bu nəqliyyat vasitələrinin digər avtomobillərdən seçilməsi məqsədilə xüsusi tanınma nişanlarının tətbiqi də nəzərdə tutulur. Qanunvericiliyin tələblərinə əsasən, avtonom idarəetmə sistemi ilə işləyən nəqliyyat vasitələri əvvəlcə rəsmi dövlət qeydiyyatına alınmalı, daha sonra isə yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi ərazilərdə istifadəyə buraxılmalıdır. Yeni sistemin tətbiqinə mərhələli şəkildə başlanacaq”.
Ekspert qeyd edib ki, ilk mərhələdə sürücüsüz avtobusların yalnız ayrılmış hərəkət zolaqlarında və ya əvvəlcədən təsdiqlənmiş qısa marşrutlar üzrə hərəkət etməsinə şərait yaradılacaq:
“Nəticədə, texnologiyanın praktik imkanları real şəraitdə qiymətləndiriləcək. Belə nəqliyyat vasitələrinin işi tamamilə nəzarətsiz qalmayacaq. Xüsusi icazəyə malik operatorlar uzaqdan idarəetmə mərkəzləri vasitəsilə onların fəaliyyətini davamlı izləyəcək, hər hansı nasazlıq və ya təhlükəli vəziyyət yarandıqda isə sistemə operativ müdaxilə edərək təhlükəsizliyi təmin edəcəklər”.
Günel Cəlilova


