Azərbaycanda istehsal olunan avtomobilləri necə əlçatan etmək olar?

AVTO
12:42 / 05.08.2026
199

Azərbaycanda bəzi avtomobillərin istehsalı həyata keçirilir.

Lakin onların qiyməti kifayət qədər yüksək olur. Qiymətlər orta hesabla 18-20 mindən başlayır. Bu da həmin avtomobilləri digər brendlərlə eyni qiymətli edir və ya aradakı fərq çox az olur. Ona görə də almaq istəyənlərin bəziləri ölkədə istehsal olunan modellərə yönəlmirlər. 

Bəs Azərbaycanda istehsal olunan maşınların daha əlçatan qiymətə satılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. 

O bildirib ki, ölkədə istehsal olunan avtomobillərin əlçatanlığını təmin etmək üçün birinci növbədə, daha universal və hamının rahat istifadə edə biləcəyi nəqliyyat vasitələrinin olması məqsədəuyğundur:
“Ölkədə istehsal edilən nəqliyyat vasitələri digər müvəqqəti vasitələr kimi deyil, daimi istifadəyə yararlı olmalıdır ki, hər kəs ondan faydalana bilsin. Məsələn, qiymətlər əlçatan olmalı, hər kəsin ehtiyacına cavab verən nəqliyyat vasitəsi təqdim edilməlidir. Bu avtomobillər daha rentabelli olmalı, təmiri üçün ustalar rahat tapılmalı və ehtiyat hissələrinin əldə olunması çətinlik yaratmamalıdır. 

Eyni zamanda, ehtiyat hissələrinin özü də yerli istehsal olmalıdır ki, proses sadəcə xaricdən gətirilib yığılan və ya konseptual maşınlarla məhdudlaşmasın. Yalnız bu halda ölkədə vahid nəqliyyat habının və nəqliyyat vasitələrinin effektiv istifadəsini görə bilərik. Təbii ki, bu da hamı üçün müəyyən dərəcədə əlçatan olar”.

Ekspert qeyd edib ki, əgər bu nəqliyyat vasitələrinin detalları hər kəs üçün əlçatan olmazsa, onların hansısa üstünlüyü və faydası qalmaz:
“Məsələn, ehtiyat hissələri xaricdən gətirilərsə və ya istehsal prosesində ciddi nöqsanlar ortaya çıxarsa, vətəndaşlarımız həmin avtomobilləri almaqda və ya istehsal olunan detalları tapıb əldə etməkdə çətinlik çəkərlər. Bütün bunlar isə öz-özlüyündə qiymətləndirmənin əsas meyarlarıdır və biz məhz bu kriteriyaları əsas götürməliyik”.

Aslan Əsədov digər nəqliyyat vasitələrinin ucuzlaşması üçün də təklif verib:
“Ölkəyə idxal olunan nəqliyyat vasitələrinin istismarı üçün müəyyən müddət tətbiq edilməlidir ki, avtomobil parkı yenilənsin. Bununla yanaşı, gömrük güzəştləri dövlət proqramı səviyyəsində həyata keçirilməlidir.

Bu məsələ bir-iki nəfərin və ya hansısa sahibkarların fərdi dəstəyi ilə deyil, dövlət-vətəndaş münasibətləri və dövlət-vətəndaş birliyi çərçivəsində həll olunmalı, qiymətlər endirilməlidir. Bu halda heç bir problem yaşanmaz, bir şərtlə ki, proses bərabər və eyni tərəfli qaydada həyata keçirilsin”.

Pərviz

0