Avtomatik transmissiyalı avtomobili sıradan çıxara biləcək 5 səhv

AVTO
17:12 / 06.08.2026
42

Mexaniki ötürmələr qutusundan avtomatik transmissiyalı avtomobilə keçid sürücüdən yeni idarəetmə vərdişləri və texniki xidmət qaydalarını mənimsəməyi tələb edir. 

HİT.az xəbər verir ki, "SlashGear" nəşri avtomatik transmissiyalı avtomobillərdə yol verilməməli olan beş əsas səhvi açıqlayıb.

Hər iki ayaqla avtomobili idarə etmək

Nəşrin yazdığına görə, avtomatik transmissiyalı avtomobili idarə edərkən hər iki ayaqdan istifadə etmək düzgün yanaşma hesab edilmir. Hər iki ayaq pedalların üzərində olduqda, fövqəladə vəziyyət zamanı sürücü çaşaraq qaz və əyləc pedallarını səhv sala bilər.

Bundan əlavə, avtomatik transmissiyalı avtomobillərdə qaz və əyləc pedalları eyni vaxtda basıldıqda əyləc sistemi qaz siqnalını bloklayır və avtomobil dərhal sürət yığmağı dayandırır. Bu isə bəzi hallarda təhlükəli vəziyyət yarada bilər.

Neytral ötürmədə hərəkət etmək

Mexaniki transmissiyalı avtomobillərin bəzi sürücüləri yanacağa qənaət etmək məqsədilə avtomobili neytral ötürmədə hərəkət etdirirlər.

Lakin avtomatik transmissiyalı avtomobillərdə bu üsul tövsiyə edilmir. Çünki neytral rejimdə hərəkət zamanı sürücü avtomobil üzərində nəzarəti qismən itirir və qəfil maneə yarandıqda operativ reaksiya vermək çətinləşir.

Avtomatik transmissiyaya suyun daxil olmasına imkan verməmək

Mütəxəssislər avtomatik ötürmələr qutusunun texniki xidmətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Su müxtəlif yollarla transmissiyaya daxil ola bilər. Məsələn, avtomobil uzun müddət güclü yağış altında qaldıqda və ya su basmış ərazidə olduqda bu risk artır.

Kəskin sürətlənmək

"SlashGear" bildirir ki, avtomatik transmissiyalı avtomobildə qəfil sürətlənmə sürücünün edə biləcəyi ən zərərli hərəkətlərdən biridir. Qaz pedalının kəskin basılması mühərrikə, təkərlərə və transmissiyaya yüksək yük yaradır.

Hətta ekstremal şərait üçün hazırlanmış idman avtomobilləri belə bu cür sürətlənmə zamanı böyük mexaniki gərginliyə məruz qalır. Yüzlərlə metal detal eyni anda qarşılıqlı təsirə girərək yüksək fırlanma anı yaradır.

Transmissiya mayesini vaxtında dəyişməmək

Transmissiya mayesi avtomatik ötürmələr qutusunun düzgün və fasiləsiz işləməsi üçün vacib elementdir. O, həm sürtkü funksiyasını yerinə yetirir, həm də transmissiya sisteminin etibarlı işləməsini təmin edir.

Bu mayenin əsas vəzifəsi sürtünmədən yaranan aşınmanın qarşısını almaq və sistemdə əmələ gələn istiliyi uzaqlaşdıraraq mühərrik və transmissiyanın həddindən artıq qızmasının qarşısını almaqdır.

Məqalədə vurğulanır ki, transmissiya mayesinin dəyişdirilməsi mühərrik yağının dəyişdirilməsi qədər tez-tez müzakirə olunmasa da, avtomatik transmissiyalı demək olar ki, bütün avtomobillərdə müəyyən müddətdən sonra sistemin yuyulması və mayenin yenilənməsi tələb olunur.

Samir
 

0