Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır

AVTO
20:55 / 08.08.2026
43
Son illər avtomobil bazarında kreditlə satış şərtlərinin əlçatanlığı diqqət çəkir. Əvvəllər vətəndaşların avtomobil sahibi olması üçün yüksək ilkin ödəniş və sərt kredit tələbləri əsas maneələrdən sayılırdısa, indi xüsusilə elektrik və hibrid avtomobillər üzrə daha çevik maliyyələşdirmə imkanları mövcuddur. Mərkəzi Bankın "Dayanıqlı maliyyə hesabatı”na əsasən, təkcə ötən il elektrik və hibrid avtomobillərin alınmasına 75 milyon manat kredit ayrılıb. Hesabatda qeyd olunur ki, 2025-ci il elektrik və hibrid avtomobil kreditlərinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə 61 faizə, məbləği üzrə isə 71 faizə yüksəlib.
 
Hazırda vətəndaşlar bəzi hallarda avtomobilin dəyərinin cəmi 10-20 faizini ilkin ödəniş kimi etməklə nəqliyyat vasitəsinə sahib ola bilirlər. Kreditləşmə şərtlərində avtomobilin növü və istehsal ili əsas rol oynayır. Məsələn, 35 min manat dəyərində elektromobili 59 aylıq kredit şərtləri ilə minimum 3 500 manat ilkin ödəniş etməklə almaq mümkündür. Bu zaman aylıq ödəniş təxminən 850 manat təşkil edir. Hibrid avtomobillər üzrə də oxşar imkanlar mövcuddur. 25 min manatlıq hibrid avtomobil üçün təxminən 10 min manat ilkin ödəniş tələb olunur və 59 aylıq kredit zamanı aylıq ödəniş 600-620 manat civarında dəyişir.
 
Bazarda lizinq imkanları da genişlənib. Belə ki, bəzi hallarda 20 min manatlıq avtomobili təxminən 4 min manat ilkin ödənişlə, 59 ay müddətinə aylıq 400-500 manat ödəməklə əldə etmək mümkündür.
 
Amma avtomobillərin aşağı ilkin ödənişlə kreditləşdirilməsi ilə bağlı yanaşmalar fərqlidir. Ekspertlər bildirirlər ki, bu cür imkanlar vətəndaşların avtomobilə əlçatanlığını artırır, bazarı canlandırır və daha yeni, ekoloji nəqliyyat vasitələrinin yayılmasına şərait yaradır. Digər tərəfdən, aylıq ödəniş yükünün artması bəzi ailələrin maliyyə risklərini yüksəldə bilər. Xüsusilə uzunmüddətli kreditlər gələcəkdə ödəniş çətinlikləri yarada və vətəndaşların borclanma səviyyəsini artıra bilər.
 
Mütəxəssislər hesab edirlər ki, əsas məsələ kreditlərin əlçatan olması ilə yanaşı, vətəndaşların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsidir. Bu halda həm avtomobil bazarında artım davam edə, həm də problemli kredit riskləri minimum səviyyədə qala bilər.
 
Bank məsələləri üzrə ekspert Emin Kərimov deyir ki, son illərdə avtomobil kreditləri bazarında ciddi dəyişiklik baş verib və avtokreditlər tədricən lizinq mexanizmi ilə əvəz olunub. Hazırda bu sahədə əsas oyunçular bank olmayan kredit təşkilatları (BOKT-lar) və lizinq şirkətləridir. Ekspert qeyd edir ki, lizinq modeli həm maliyyə qurumları, həm də müştərilər üçün bir sıra üstünlüklər yaradır. Belə ki, lizinq portfelinin genişlənməsi şirkətlərin fəaliyyətinə müsbət təsir göstərir və bazarda yeni məhsulların formalaşmasına şərait yaradır.
 
Lizinqin əsas üstünlüklərindən biri mülkiyyət hüququnun şirkətdə qalmasıdır. Bu mexanizm kreditin daha effektiv idarə olunmasına imkan verir: "Lizinqdə avtomobil müştərinin adına keçmir, mülkiyyət hüququ təşkilatda qalır. Buna görə də ödənişlər daha ciddi izlənilir və intizam daha yüksək olur. Əgər müştəri ödənişləri dayandırarsa, avtomobilin geri alınması daha asan mexanizmlə həyata keçirilir. Bu sistem müştərilərin də maliyyə intizamını artırır və kredit öhdəliklərinə daha məsuliyyətli yanaşmasına səbəb olur”.
 
Bununla belə, ekspert prosesin mənfi tərəflərinə də diqqət çəkir. Əsas risklərdən biri avtomobil sayının artması ilə bağlıdır: "Şəxsi avtomobillərin artması yol infrastrukturu üzərində təzyiqi gücləndirir və tıxac problemlərini artırır”.
 
Ekspert hesab edir ki, ümumilikdə lizinq modeli bazar üçün müsbət tendensiyadır. O, rəqabətin güclənməsinin faizlərin nisbətən aşağı düşməsinə və daha çevik maliyyə məhsullarının yaranmasına səbəb olduğunu vurğulayır. Lakin əlavə edir ki, bazarın sağlam işləməsi üçün tənzimləmə vacibdir.
 
Onun fikrincə, lizinq prosesində risklərin düzgün qiymətləndirilməsi, ilkin ödənişlərin qorunması və faizlərin balanslaşdırılması vacib şərtlərdəndir. Əks halda, nəzarətsiz genişlənmə maliyyə sektorunda problemlər yarada bilər.
 
İqtisadçı Eyyub Kərimli deyir ki, hazırda daha çox yeni avtomobillərin maliyyələşdirilməsinə üstünlük verilir. Onun fikrincə, bu yanaşma ölkədə avtomobil parkının yenilənməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Azərbaycanda bir milyon 500 minə yaxın avtomobil var və onların təxminən 80 faizi kifayət qədər köhnədir. Əksəriyyətinin on ildən yuxarı yaşı var. Yeni avtomobillərin kreditlə daha əlçatan olması köhnə avtomobillərin mərhələli şəkildə yenilənməsinə imkan yaradır”.
Lakin iqtisadçı bu prosesin müəyyən mənfi tərəflərinin də olduğuna diqqət çəkir. O qeyd edir ki, avtomobillərin daha əlçatan olması ölkədə nəqliyyat vasitələrinin sayının sürətlə artmasına səbəb olur: "Yeni avtomobil əldə etmək imkanları genişləndikcə, daha çox insan şəxsi nəqliyyat vasitəsinə sahib olur. Bu isə yollardakı avtomobil sayının artmasına və tıxac probleminin dərinləşməsinə təsir edir”.
 
E.Kərimli hesab edir ki, kredit siyasətində daha selektiv yanaşmanın tətbiqi məqsədəuyğundur. Onun sözlərinə görə, xüsusilə ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi daha effektiv nəticələr verə bilər: "Bu kreditlərin əsasən elektrik və aşağı emissiyalı avtomobillərə yönləndirilməsi həm müasir qlobal trendlərə uyğun olar, həm də ölkədə avtomobil parkının ekoloji baxımdan daha təmiz formalaşmasına müsbət təsir göstərər”.
 
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov isə kreditlə avtomobil satışında yumşalma ilə bağlı fikirlərlə razılaşmır. Onun sözlərinə görə, kredit şərtləri hələ də kifayət qədər sərt olaraq qalır və bir çox vətəndaş üçün əlçatan deyil.
 
Ekspert bildirir ki, hətta yüksək gəlirli şəxslər belə bəzən banklardan avtokredit ala bilmirlər: "Banklar çox vaxt avtokredit verməkdən imtina edir və yalnız daha yüksək gəlir göstəricisi olan müştərilərə üstünlük verirlər”.
 
Ekspertin fikrincə, hazırda avtomobil kreditlərində ilkin ödəniş faizləri də yüksək olaraq qalır. Xüsusilə ənənəvi benzin və dizel mühərrikli avtomobillərdə şərtlər daha sərtdir: "Benzin və dizel avtomobilləri üçün ilkin ödəniş təxminən 40 faizdir ki, bu da kifayət qədər yüksək göstəricidir. Hibrid avtomobillərdə bu rəqəm 20 faizə, elektrik avtomobillərdə isə 10 faizə qədər enir. Lakin əsas problem yalnız ilkin ödəniş deyil, ümumilikdə kreditin verilmə şərtləridir”.
 
E. Cəfərov vurğulayır ki, kreditlə bağlı imtinaların çox olması bazarın inkişafına mənfi təsir göstərir və vətəndaşları daha köhnə avtomobillərə yönləndirir. 
 
Mənbə: "Kaspi" qəzeti
0