DÜNYA
14:45 / 18.07.2022
1146

Frensis Fukuyama: "Tramp Putinə kömək edənədək Ukrayna hərəkət etməlidir"

Putinin hakimiyyətdən getməsindən sonra Rusiya Federasiyasında nə baş verəcək, Qərbin sıralarını nələr parçalaya bilər və Ukrayna hansı strategiyanı seçməlidir – filosof və politoloq Frensis Fukuyama Deutsche Welle-nin bu barədə suallarına cavab verib.
 
İyunun sonunda Rusiya hakimiyyəti amerikalı politoloq və filosof Frensis Fukuyamanın Rusiyaya girişinə qadağa qoyub. Stenford Universitetinin professoru Fukuyama Rusiyanın Ukraynaya qarşı müharibəyə başlama riski ilə bağlı açıq xəbərdarlıq edənlərdən biri olub. Bu günlərdə Fukuyama Rusiyada dağıdılmış Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) əvəzinə siyasətçi Aleksey Navalnı və komandası tərəfindən yaradılan Beynəlxalq Antikorrupsiya Fondunun müşahidə şurasına daxil olub.
 
"Tarixin sonu və sonuncu insan” kitabının müəllifi kimi tanınan Frensis Fukuyama DW-yə müsahibəsində Vladimir Putinin bəyanatlarını, Rusiyadakı siyasi rejimin xarakterini, Qərbdə parçalanma risklərini və Rusiya ilə müharibədə Ukrayna üçün ən aktual vəzifələri şərh edib. 
 
- İyunun 29-da Rusiya hakimiyyəti sizi Rusiyaya səfəri qadağan olunanlar siyahısına daxil edib. Rusiyada sizi tanıyanlar zarafat etməyə başlayıblar ki, indi bu, 100% "tarixin sonu”dur. Bu zarafata və qara siyahıya salınmağınıza münasibətiniz necədir?
 
- Əvvəla, mən bu siyahıda olmağı özümə şərəf hesab edirəm. Düşünürəm ki, Rusiyanın və Rusiyanın Ukraynaya təcavüzünün bütün mühüm xarici tənqidçiləri bu siyahıdadır. Mən hətta fikirləşdim ki, mənim həmin siyahıya düşməyim niyə bu qədər uzun çəkdi? Amma indi siyahıdayam, hər şey qaydasındadır. Aydındır ki, bu tədbirlər Rusiyanı öyrənən və həqiqətən ora səyahət etməyə ehtiyacı olan insanlara, ilk növbədə alimlərə aiddir. Mən özüm də bir müddət əvvəl Aleksey Navalnı ilə müzakirədə iştirak etmək üçün Rusiyaya getməyə hazırlaşırdım.
 
Ancaq bu, əlbəttə ki, baş vermədi - əvvəlcə koronavirus pandemiyası, sonra isə Putin rəhbərliyinin artan zülmü səbəbindən. Ona görə də yaxın gələcəkdə Rusiyaya getməyə ehtiyac görmürəm. Deməli, hər şey yaxşıdır. Tarixin sonu ilə bağlı zarafatlara gəlincə, - bilirsinizmi, son 30 ildə mənə hər gün iki-üç belə zarafat deyirlər. İndi onların hamısı mənə artıq "qocalmış" görünür. 
 
- Navalnı və komandasının yaratdığı Beynəlxalq korrupsiyaya qarşı mübarizə fondunun müşahidə şurasına daxil oldunuz. Sizi bu addımı atmağa nə vadar etdi və öhdəlikləriniz nədən ibarətdir?
 
- Mən Aleksey Navalnının böyük pərəstişkarıyam. Onunla 2019-cu ilin oktyabrında Varşavada görüşmüşəm və 2020-ci ilin martında onunla Moskvada müzakirəyə dəvət olundum. Lakin əvvəlcə pandemiya, sonra isə Kremlin onu zəhərləmək cəhdi səbəbindən müzakirə ləğv edildi. Korrupsiya Rusiyada və bütün dünyada böyük problemdir, mən onun fonduna hər cür dəstək verməkdən məmnunam.
 
- Rusiya ilə Ukrayna arasında müharibə artıq beşinci aydır ki, davam edir. Vladimir Putin ötən gün deyib ki: "Hər kəs başa düşməlidir ki, ümumiyyətlə, biz hələ ciddi heç nəyə başlamamışıq”. Bu sitatı eşitmisiniz və bu barədə nə düşünürsünüz?
 
- Düşünürəm ki, o, bir çox başqa şeylərdə yalan danışdığı kimi, bu dəfə də yalan danışır. Rusiya silahlı qüvvələrinin vəziyyətini araşdıran Qərb hərbi analitikləri qeyd edirlər ki, Rusiya ordusu hazırda çox kəskin kadr çatışmazlığı yaşayır. Onlar, ehtimal ki, Ukraynanı məğlub etmək üçün toplanmış və göndərilmiş bütün heyətin üçdə birini itiriblər. Rus itkiləri ilə bağlı rəqənlər yalnız təxmini hesablamalardır, lakin söhbət 20.000 ölü və 60.000 yaralıdan gedə bilər. Bunun üzərinə hərbi əsirlər və s. gəlin.
 
Bilirsiniz, hətta Rusiya kimi böyük bir ölkə üçün də bu, heç də kiçik hərbi əməliyyat deyil. Və hərbi baxımdan bütün bunlar praktiki olaraq fəlakətdir. Nəzərə alsaq ki, Rusiya ordusu Donbasda hərbi əməliyyatları cəmləşdirməyə başladıqdan sonra iki ay ərzində çox az irəliləyiş əldə edib və mən onların ehtiyatlarının çox olmadığına əminəm, ona görə də, fikrimcə, Putin hələ başlamadığını deyəndə blef edir. 
 
- Bu gün Ukraynaya nə məsləhət görərdiniz? Onun gələcək strategiyası nə ola bilər?
 
- Hesab edirəm ki, hazırda ən real strategiya diqqəti ölkənin cənubuna yönəltmək, Ukraynanın Qara dənizə çıxışını yenidən açmaq, Xersonu və Azov dənizindəki limanları geri qaytarmaqdır. Bu, Donbasdan daha vacibdir. Düşünürəm ki, yaxın bir neçə ay ərzində Donbasın qaytarılmasını həyata keçirmək kifayət qədər çətin olacaq.
 
Amma yayın sonuna qədər cənubda real irəliləyiş görə bilərik. Ukrayna üçün Qara dəniz limanlarına çıxışı bərpa etmək, bütün kənd təsərrüfatı məhsullarının ixracını bərpa etmək, Rusiyanın Odessa blokadasını yarmaq çox, çox vacibdir. Düşünürəm ki, onların diqqət mərkəzində olacaqları budur. Onlar artıq Xerson vilayətində hücuma başlayıblar və orada müəyyən irəliləyiş əldə ediblər. Əgər, deyək ki, sentyabr və ya oktyabr ayına qədər faktiki olaraq ərazini azad etsələr, bu, ciddi atəşkəs danışıqlarının başlanması üçün zəmin yaradacaq. Amma mən düşünmürəm ki, ukraynalılar Qara dəniz vasitəsilə xarici dünyaya çıxışı açmadan onlara nail ola bilsinlər.
 
- Ukraynaya hücumda Rusiyanın hesablamasında açıq-aydın Qərbin zəifliyinə və Qərbin Ukraynanın duruş gətirməsinə kömək etmək üçün birləşməyəcəyinə inam var idi. Bu gün gördüyümüz Qərb birliyini nə təhdid edir? Donald Trampın yenidən seçilməsindən sonra bu birlik dağıla bilərmi?
 
- İki böyük təhlükə var. İlk sınaq üzümüzə gələn qışda Avropanın Ukraynaya dəstəyidir. Rusiya artıq təbii qaz tədarükünü faktiki olaraq kəsib. Və hesab edirəm ki, soyuq havaların başlaması ilə Avropa Rusiya qazına əvəz tapmaqda real problem yaşayacaq. İkinci təhlükə sizin qeyd etdiyiniz təhlükədir. Çətinlik ondadır ki, ABŞ-da respublikaçılar tərəfindən Ukraynaya dəstək tədricən zəifləyir. Eyni zamanda, Tramp qarşı tərəfdədir - o, ukraynayönümlü deyil, rusiyapərəstdir.
 
Aydındır ki, o, 2024-cü ildə prezidentliyə qayıdarsa, bu gün Rusiyanın bütün problemlərini həll edə bilər, çünki Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətindədir. Beləliklə, Kreml sadəcə olaraq ABŞ siyasətinin kursunu dəyişdirməklə əsas məqsədlərinə çatacaq. Ona görə də mən hesab edirəm ki, Ukraynanın yayda müəyyən irəliləyiş əldə etməsi və döyüş meydanında təşəbbüsü ələ keçirməsi çox vacibdir.
Axı Qərbdə birlik həqiqətən insanların problemin hərbi yolla həllinin qısa müddətdə mümkün olduğuna inanıb-inanmamasından asılıdır. Vəziyyətin əbədi olaraq davam edərək dalana dirənməsi ilə bağlı fikir üstünlük təşkil edərsə, o zaman hesab edirəm ki, Qərbin birliyində çatlar yaranacaq və Ukraynanın müharibəni dayandırmaq üçün ərazilərdən imtinası ilə bağlı çağırışlar daha da artacaq. 
 
- Siz bir siyasi filosof kimi Rusiyada mövcud siyasi rejimi özünüz üçün necə müəyyənləşdirirsiniz və onun uzunömürlülüyü barədə nə düşünürsünüz? Dünya uzunmüddətli perspektivdə Rusiyanın bu gün təmsil etdiyi dövlətlə yaşamağı öyrənməlidirmi?
 
- Bu gün Rusiya hər şeydən çox mənə nasist Almaniyasını xatırladır. Onun yeganə ideologiyası nasistlərdən daha az inkişaf etmiş formada olsa da, ifrat millətçilikdir. Bundan əlavə, bu rejim çox zəif institusionallaşdırılıb və həqiqətən də bir şəxsin - bütün əsas hakimiyyətin rıçaqlarına nəzarət edən Vladimir Putinin ətrafında fırlanır.
 
Rusiya ilə Çini müqayisə etsək, onlar çox fərqlidirlər. Çinin 90 milyon üzvü olan nəhəng Kommunist Partiyası var. Güclü daxili nizam-intizam var. Kimin irəli çəkiləcəyi və bütün hökumət sisteminin necə idarə olunması ilə bağlı bir çox qaydalar var. Rusiya timsalında dövlət rejiminin belə bir institusionallaşması yoxdur. Hər şey həqiqətən prezidentin və onun konkret qərarlarının ətrafında cərəyan edir. Və buna görə də Putinin gedəcəyi halda nə baş verəcəyi bəlli deyil.
 
Mən bunu elə təsəvvür edirəm ki, bütün güc nazirlikləri ilə onun hakimiyyətinin əsasını təşkil edən daxili qüvvələr arasında hakimiyyət uğrunda böyük mübarizə gedəcək. Ona görə də bunun stabil rejim olduğunu düşünmürəm. Mən bu siyasi rejimdə kənarda proyeksiya edə biləcəyi aydın bir ideologiya görmürəm. Mən hesab edirəm ki, Putin rejimini dəstəkləyənlər sadəcə olaraq müxtəlif səbəblərdən Qərbi sevməyənlərdir. Onlar solçu ola bilər, məsələn, Venesuela rəhbərliyi kimi və ya Macarıstanda olan sağçılar kimi. Yalnız bu qədər, indiki Rusiya rejiminin heç bir ardıcıl ideologiyası yoxdur.
 
- Bu gün Rusiyanın qonşuları ilə çoxsaylı münaqişələri var və onlardan biri də bu yaxınlarda Qazaxstanla inkişaf etməyə başlayan münaqişədir. Twitter-dəki fəaliyyətinizdən də göründüyü kimi, siz Qazaxıstan Prezidenti Tokayevin siyasətini izləyirsiniz. Qazaxıstanın Rusiya arasında yaranan ticarət müharibəsi kimi görünən münaqişədə Rusiya rəhbərliyinə müqavimət göstərmək üçün kifayət qədər gücü varmı?
 
- Bu suala cavab verə bilmərəm. Sadəcə, Qazaxıstanın daxili siyasəti haqqında kifayət qədər məlumatım yoxdur. Amma Tokayevin son zamanlar atdığı addımlar mənə çox maraqlı gəldi. Açığı, təkcə Qazaxıstan deyil, bu regionun bir çox ölkələri Rusiyanın peyki rolu olmaqdan çox narazıdırlar və yeni siyasi məkanlar kəşf etməyə can atırlar. Ümid edirəm ki, bu yöndə uğur qazana biləcəklər, amma sizə cavab verəcək qədər məlumatım yoxdur.
 
- "Tarixin sonu” anlayışı ilə bağlı başqa bir sual, lakin bu dəfə daha ciddi. Kitabınızın nəşrindən 30 il keçir. Qlobal vəziyyətə - Ukraynada Rusiyanın başladığı müharibəyə, Çinin yüksəlişinə və Qərb ictimaiyyətindəki müxtəlif böhran hadisələrinə nəzər salsaq, bugünkü konsepsiyanız haqqında nə düşünürsünüz?
 
- Baxın, biz 30 il əvvəlkindən fərqli vəziyyətdəyik - son bir neçə ildə ABŞ, Hindistan və digər böyük demokratiyalar da daxil olmaqla, demokratiyanın inkişafında böyük uğursuzluqlar olub. Lakin tarixin tərəqqisi heç vaxt düz xəttli olmayıb. 1930-cu illərdə böyük çətinliklər yaşamışıq. 1970-ci illərdə, dünyanın bir çox yerlərində neft böhranı və inflyasiya dövründə inkişafdan geri qalmışıq. 
 
Tarixi tərəqqi ideyasının öldüyünü düşünmürəm. Heç kim hər şeyin həmişə yalnız yuxarı və irəli inkişaf edəcəyini gözləməməlidir, lakin bəzən uğursuzluqlar və dayanmalar olur. Ancaq təməl institutları və onların əsasında yaranan demokratiya ideyaları hələ də güclüdür, onlar çox uzun müddət mövcuddur və mən onların gələcəkdə də belə qalacağını gözləyirəm.
 
Mənbə: dw.com 
 
Tərcümə: Nizami Bağırov
Qaynarinfo
0