ABŞ qoşunlarının Almaniyadan Polşaya köçürülməsi səbəbindən Avropada yeni münaqişə yarana bilər.
HİT.az xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkersson “Dialogue Works” adlı “YouTube” kanalının efirində bildirib.
Onun sözlərinə görə, Polşa hökuməti ABŞ-a “yeni Almaniya” olmağı təklif etməyi nəzərdən keçirir. Ekspert bununla əlaqədar son 100 ildə Berlin və Varşava arasında münasibətlərin necə formalaşdığını, həmçinin Polşa ilə Rusiya arasındakı əlaqələri xatırlamağa çağırıb. O hesab edir ki, qoşunların köçürülməsi ssenarisi yeni “dağıdıcı” eskalasiyaya səbəb olacaq.
Amerikalı hərbçi Polşa hökumətinin mövqeyinin onun qeyri-adekvatlığını göstərdiyini irəli sürüb.
“Bu yalnız qlobal münaqişəyə doğru nə qədər sürətlə irəlilədiyimizi göstərir. Mənim Polşada bu mövzu ilə bağlı danışdığım insanlar hesab edirlər ki, onların hakimiyyəti ağlını itirib. Tamamilə ağlını itirib”, deyə Uilkersson bildirib.
ABŞ prezidenti aprelin 29-da Almaniyadakı Amerika hərbi kontingentinin azaldılmasına imkan verdiyini açıqlamışdı. Daha sonra Vaşinqtonun bir il ərzində təxminən 5 min ABŞ hərbçisini Almaniyadan çıxaracağı məlum olub. Almaniyanın müdafiə naziri Boris Pistorius isə Avropanın öz təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalı olduğunu bildirib.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə ölkəsinin Almaniyadan çıxarılan ABŞ hərbçilərini qəbul etməyə hazır olduğunu deyib.
Samir


