ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının Afrika qitəsindəki liderlərindən birinin məhv edildiyini açıqlayıb.
"Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
"Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu - Əbu Bilal əl-Minukinin döyüş meydanından kənarlaşdırılması üzrə diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz şəkildə həyata keçirdilər", - Ağ Ev rəhbəri yazıb.
Tramp vurğulayıb ki, Amerika mənbələri Vaşinqtonu bu terrorçunun Afrika ərazisindəki bütün hərəkətləri barədə məlumatlandırırdı. ABŞ Prezidentinin sözlərinə görə, onun məhv edilməsindən sonra İŞİD-in fəaliyyəti əhəmiyyətli dərəcədə sarsıdılıb.
"O, artıq Afrika xalqları arasında dəhşət saçmayacaq və Amerika vətəndaşlarına qarşı yönəlmiş əməliyyatların hazırlanmasında iştirak edə bilməyəcək. Bu əməliyyatın keçirilməsində göstərdiyi köməyə görə Nigeriya hökumətinə minnətdarlığımızı bildiririk", - Tramp yekunlaşdırıb.


