İsveçrədə min ildən sonra ilk dəfə bizon balası doğuldu

DÜNYA
21:57 / 30.10.2026
56

İsveçrədə Avropa bizonlarının (zubrların) populyasiyasının bərpası istiqamətində mühüm hadisə baş verib. Ölkənin ərazisində təxminən min ildən sonra ilk dəfə bizon balası dünyaya gəlib. Bu hadisə əvvəllər ovçuluq və təbii yaşayış mühitinin məhv edilməsi nəticəsində bölgədən yoxa çıxmış növün yenidən təbiətə qaytarılması baxımından əhəmiyyətli hesab olunur.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri Polşanın Zielona Interia portalına istinadən məlumat yayıb.

Bizonların İsveçrəyə qaytarılması layihəsi Zoloturn kantonunda həyata keçirilir. Əraziyə 2022-ci ildə beş heyvandan ibarət ilk sürü gətirilib. Heyvanlar burada çoxalmağa başlayıb və 2023-cü ilin yayına qədər onların sayı 14-ə çatıb.

Ekoloqların dörd il ərzində apardığı müşahidələr göstərib ki, ərazi bizonların daimi yaşayışı üçün əlverişlidir. Heyvanlar sağlam qalıb, sabit sürü formalaşdırıb, həm meşəliklərdən, həm də açıq sahələrdən istifadə ediblər.

Tədqiqatçılar bizonların bitki örtüyünə təsirini və insanlarla birgə yaşamaq imkanlarını da araşdırıblar. Müşahidələr zamanı cavan ağacların zədələnməsində nəzərəçarpacaq artım qeydə alınmayıb. Yoxlanılan ağacların yalnız 9 faizində qabığın soyulması əlamətləri aşkarlanıb. Bununla belə, heyvanların otladığı çəmənliklərdə məhsuldarlıq təxminən 20 faiz azalıb. Elektrik çəpərlərinin isə yaxınlıqdakı kənd təsərrüfatı sahələrini qorumaqda effektiv olduğu müəyyənləşdirilib.

Layihənin müəllifləri əldə olunan nəticələri müsbət qiymətləndirsələr də, daha böyük sürülərin uzunmüddətli ekoloji, iqtisadi və sosial təsirlərini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Qeyd edək ki, Avropa bizonları vaxtilə qitənin geniş ərazilərində yayılıb. Lakin intensiv ovçuluq və yaşayış mühitinin itirilməsi səbəbindən onların sayı kəskin azalıb, XX əsrdə isə növ yox olmaq təhlükəsi ilə üzləşib. Müasir populyasiyanın bərpası əsirlikdə çoxaltma proqramları sayəsində mümkün olub. Hazırda yaşayan bütün Avropa bizonlarının nəsli bu proqramlarda iştirak etmiş cəmi 12 heyvana gedib çıxır.

Samir

0