Metan, ammonyak və hətta amin turşularının başqa planetdə aşkarlanması orada həyatın mövcudluğunu sübut etmir. Çünki sadə üzvi birləşmələr cansız təbiətdə də yarana bilir. Həyatın mövcudluğuna dair daha inandırıcı sübut isə hüceyrələrimizdəki fermentlər və ribosomlar kimi mürəkkəb molekulyar strukturların aşkarlanması olardı.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya Rusiya Elmlər Akademiyasının N. N. Semyonov adına Kimyəvi Fizika Federal Tədqiqat Mərkəzinin baş elmi əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Vladik Avetisov bildirib.
Sadə molekullar həyat olmadan da yaranır. Onlara ulduzlararası buludlarda, vulkanlarda, ultrabənövşəyi şüaların təsiri altında və okeanların dibindəki isti su mənbələrində rast gəlinir. Bu maddələr meteoritlər və kometlərlə planetlərə də daşına bilər. Təsadüfi kimyəvi reaksiyalar yalnız belə sadə strukturların yaranmasına səbəb ola bilər.
Avetisovun sözlərinə görə, həyat “alqoritmik kimya”dır. Bu, mürəkkəb strukturların dəqiq şəkildə yaradılması və prosesin hər mərhələsinin ayrı-ayrı atomlar səviyyəsində idarə olunması deməkdir. Buna görə də həyat izlərinin iki əsas xüsusiyyəti olmalıdır: strukturun mürəkkəbliyi və funksionallığı, yəni atom və molekullarla dəqiq əməliyyatlar aparmaq qabiliyyəti.
“Su, metan və ya ammonyak molekulu kimi sadə molekul əsasında molekulyar maşın yaratmaq mümkün deyil. Əsaslandırılmış fiziki qiymətləndirmələr göstərir ki, molekulyar maşın yaratmaq üçün istifadə oluna biləcək strukturun minimal ölçüsü bir neçə nanometrdən az ola bilməz. Bu, minlərlə atomdan ibarət kifayət qədər mürəkkəb struktur olmalıdır. Bir neçə atomdan ibarət sadə molekullar bu məqsəd üçün tamamilə yararsızdır”, – deyə Avetisov bildirib.
Alimin fikrincə, tapıntının əhəmiyyəti onun nə dərəcədə mürəkkəb olmasından asılıdır.
“Əgər, məsələn, su, metan və ya hətta amin turşuları aşkarlasaq, bu, canlı sistemin izlərindən danışmaq üçün qətiyyən kifayət etməyəcək. Kifayət qədər mürəkkəb makromolekullar aşkarlasaq, müzakirə üçün əsas yaranacaq. Əgər başqa, karbon əsaslı olmayan kimyaya söykənsə belə, hüceyrələrdəki bioloji mexanizmlərlə eyni mənada funksional olan molekulyar maşınlar, yəni mürəkkəb və işlək strukturlar aşkarlasaq, onda həyat izlərinin mövcudluğundan danışmaq üçün çox ciddi əsaslarımız olacaq”, – deyə alim izah edib.
Mars süxurlarında və Saturnun peyki Enseladın qeyzerlərində artıq sadə üzvi molekullar aşkarlanıb. Hər dəfə bu tapıntıların mümkün həyat əlaməti olub-olmadığı elmi müzakirələrə səbəb olub. Bununla belə, həyatın kimyəvi əsasının mütləq Yer üzündəki kimi olması vacib deyil.
“Bu makromolekulların üzvi olub-olmaması, bəlkə də, o qədər də prinsipial əhəmiyyət daşımır. Həyat, prinsipcə, karbon kimyasına əsaslanmadan da mövcud ola bilər. Lakin istənilən halda o, alqoritmik olmalıdır. Həyatın mahiyyəti də məhz bundadır”, – deyə Avetisov fikrini yekunlaşdırıb.
Samir


