Arktika qlobal istiləşməyə fərqli reaksiya verən üç atmosfer zonasından ibarətdir. Bu ərazilərdə buludların yaranmasına təsir edən aerozol hissəciklərinin miqdarı müxtəlif istiqamətlərdə dəyişir və bu, gələcək iqlim proqnozlarına təsir göstərə bilər.
HİT.az xəbər verir ki, bu barədə Helsinki Universitetinin alimlərinin “Nature Geoscience” jurnalında dərc olunan araşdırmasında bildirilib.
Tədqiqatçılar 2003–2024-cü illərdə Arktikada yerləşən səkkiz stansiyada toplanmış aerozol məlumatlarını peyk müşahidələri ilə birləşdirərək bölgəni üç zonaya ayırıblar: Yüksək Arktika, dəniz Arktikası və kontinental ərazilər.
Qrenlandiya və Kanada Arktika arxipelaqını əhatə edən Yüksək Arktikada istiləşmə və dəniz buzlarının azalması buludların yaranması üçün vacib olan hissəciklərin sayını artıra bilər. Alimlərin hesablamalarına görə, XXI əsrin sonunadək bu zonada həmin hissəciklərin konsentrasiyası 3–16 faiz yüksələ bilər.
Barens və Norveç dənizlərini əhatə edən dəniz Arktikasında isə əks proses gözlənilir. Burada bulud damcılarının yaranmasına əsas verən hissəciklərin konsentrasiyası 15–31 faiz azala bilər. Tədqiqatçılar bunu yeni aerozolların əmələ gəlməsinə əlverişli şərait olsa da, onların bulud damcılarının yaranması üçün kifayət qədər böyüməyə vaxt tapmaması ilə izah edirlər.
Kontinental Arktikada atmosferin vəziyyəti əsasən digər bölgələrdən hava axınları ilə daşınan maddələrdən asılıdır. Avropa, Sibir və Şimali Amerikadakı sənaye tullantıları, meşə yanğınları və kənd təsərrüfatı fəaliyyəti bu ərazilərin atmosfer tərkibinə təsir göstərir.
Aerozol hissəcikləri bulud damcılarının yaranmasında mühüm rol oynayır. Onların miqdarının dəyişməsi buludların xüsusiyyətlərinə, Yer səthinə çatan günəş işığının həcminə və atmosferdə saxlanılan istiliyə təsir edir.
Alimlər hesab edirlər ki, Arktikanın üç zonasındakı fərqlər iqlim modellərində ayrıca nəzərə alınmalıdır. Bu, gələcək dəyişiklikləri daha dəqiq proqnozlaşdırmağa kömək edə bilər. Hazırda Arktika planetin orta göstəricisi ilə müqayisədə təxminən dörd dəfə sürətlə istiləşir.
Samir


