Dünyanın ən güclü dəniz yırtıcılarından sayılan orkalardan bəziləri ovlarını tutmaq üçün sudan sahilə çıxır. Pataqoniyadakı Valdes yarımadasında müşahidə edilən bu qeyri-adi taktika yırtıcıların dəniz şirlərinin balalarını ovlamasına imkan verir.
HİT.az xəbər verir ki, bu barədə “Discover Wildlife” nəşri məlumat yayıb.
Bildirilir ki, hər ilin əvvəlində dişi dəniz şirləri və dəniz filləri balalarını dünyaya gətirmək və böyütmək üçün Valdes yarımadasının sahillərinə gəlirlər. Mart ayına doğru yüzlərlə bala dayaz sularda üzməyə və sahil boyunca hərəkət etməyə başlayır. Məhz bu dövrdə ərazidə dolaşan orka sürüləri üçün asan ov yaranır.
Orkalar əvvəlcə sahilə yaxınlaşan balaları müəyyən edir, daha sonra riflər arasındakı təbii keçidlərdən və çimərliyin maili quruluşundan istifadə edərək sürətlə dayazlığa doğru hərəkət edirlər. Yırtıcılar ovlarını tutduqdan sonra bədənlərini manevr etdirərək yenidən suya qayıdırlar.
“Qəsdən sahilə çıxma” adlandırılan bu üsul olduqca risklidir. Orka hücum zamanı səhv hərəkət edərsə, özü də quruda ilişib qala bilər. Buna görə də onlar hücum üçün uyğun vaxtı diqqətlə seçirlər. Valdes yarımadasında bu taktika əsasən qabarma vaxtından iki saat əvvəl və iki saat sonra tətbiq olunur.
Araşdırmalar göstərib ki, yarımada yaxınlığında qeydə alınan belə hücumların təxminən 35 faizi uğurla nəticələnir. Açıq dənizdəki hücumlarda isə bu göstərici cəmi 6 faizdir. Ümumilikdə, Valdes sahillərində dünyaya gələn dəniz şiri balalarının təxminən 10 faizi bu üsulla ovlanır.
Mütəxəssislərin diqqət çəkdiyi başqa bir məqam isə balaların zamanla təhlükəni öyrənməsidir. May ayına qədər onlar orkalardan qorunmaq üçün daha ehtiyatlı davranmağa başlayırlar. Balalar böyüdükcə ov imkanları azalan yırtıcılar isə başqa qida mənbələrinə yönəlirlər.
Qeyd edək ki, bu davranış yalnız Pataqoniyada müşahidə olunmayıb. Hind okeanının cənubundakı Kroze arxipelaqında yerləşən Possession adası və ABŞ-ın Vaşinqton ştatı sahillərindəki Seliş dənizində də orkalardan bəzilərinin qəsdən sahilə çıxdığı qeydə alınıb.
Samir


