Afrikada yaşayan kiçik bir parazit quş başqa növlərin yuvalarına yumurta qoymaqla tanınır. O, ev sahibi quşların yumurtalarını rəng və naxış baxımından təqlid etməyi öyrənib. Lakin bu təkamül strategiyasının quşun öz genetik quruluşuna ciddi təsir göstərdiyi üzə çıxıb.
HİT.az xəbər verir ki, bu barədə “ZME Science” nəşri “Nature Ecology & Evolution” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Söhbət *Anomalospiza imberbis* adlı Afrika quşundan gedir. Bu növ öz yumurtalarını başqa quşların yuvalarına qoyur və balalarının böyüdülməsi məsuliyyətini həmin quşların üzərinə keçirir. Onun əsas hədəfləri kiçik Afrika nəğməkar quşlarıdır.
Lakin yuva sahibləri zamanla yad yumurtaları rənginə və üzərindəki naxışlara görə tanımağı öyrəniblər. Buna qarşılıq parazit quş öz yumurtalarını konkret ev sahibi növlərin, hətta ayrı-ayrı fərdlərin yumurtalarına bənzətmək qabiliyyəti qazanıb. 2026-cı ildə aparılan araşdırmaya görə, ev sahibi quşlar 52 halda yalnız bir dəfə yad yumurtanı aşkar edə biliblər.
Bu bacarığın sirri genetik xüsusiyyətlərin ana xətti ilə ötürülməsindədir. Dişi quşların balaları analarının yumurta görünüşünü müəyyənləşdirən genetik xüsusiyyətlərini qoruyur. Beləliklə, müxtəlif nəsillər müəyyən quş növlərini aldatmaq üzrə ixtisaslaşa bilir.
Uğurun genetik bədəli
Beynəlxalq tədqiqat qrupu parazit quşun genomunu yaxın qohum növlərlə müqayisə edib. Nəticədə onun W xromosomunda 17 genin itirildiyi və ya zədələndiyi müəyyən olunub. Müqayisə edilən digər parazit quşlarda isə bu göstərici cəmi üç olub.
Bununla yanaşı, həmin xromosomda digər quşlarda yumurta qabığının piqmentasiyası ilə əlaqəli iki genin əlavə nüsxələri aşkarlanıb. Alimlər bu dəyişikliklərin yumurtaların daha yaxşı maskalanmasına kömək edə biləcəyini ehtimal edirlər. Bununla belə, həmin genlərin konkret rolu hələ tam təsdiqlənməyib.
Tədqiqatçılar hesab edirlər ki, digər quşları aldatmaq üçün formalaşan bu təkamül strategiyasının izləri birbaşa parazit quşun genomunda görünür. Lakin genetik dəyişikliklərin onun sağlamlığına və yaşamaq qabiliyyətinə necə təsir etdiyi hələlik məlum deyil.
Samir


