İnsan fəaliyyəti növbəti buz dövrünü yüz minlərlə il gecikdirə bilər

DÜNYA
20:20 / 30.10.2026
63

İnsanların fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazları Yer kürəsində növbəti buz dövrünün başlanmasını yüz minlərlə il təxirə sala bilər. Alimlər bu qənaətə Kanadada yerləşən Barns buz örtüyünün tarixini araşdırdıqdan sonra gəliblər.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Kanadanın Baffin adasında yerləşən Barns buz örtüyü vaxtilə Şimali Amerikanın böyük hissəsini əhatə edən nəhəng Lavrentiya buz təbəqəsinin qorunub qalmış son hissələrindən biridir. Tədqiqatçılar buzun altında mühafizə olunan bitki qalıqlarını və süxurlardakı berillium-10 izotopunun miqdarını araşdıraraq buz örtüyünün keçmişini bərpa ediblər.

Məlum olub ki, təxminən 3 min il əvvəl buz örtüyü ən kiçik ölçüsünə çatıb. Təxminən 2 min il əvvəl isə iqlimin soyuması fonunda yenidən genişlənməyə başlayıb. Bu proses təxminən 60 il əvvələ qədər davam edib, daha sonra qlobal istiləşmə buz örtüyünün böyüməsini dayandırıb.

Tədqiqatın həmmüəllifi, Kolumbiya Universitetinin Lamont-Doherti Yer Rəsədxanasından Nikolas Yanq bildirib ki, təbii proseslər növbəti buzlaşmanın başlanmasına doğru gedirdi, lakin istiləşmə bu gedişatı dəyişib.

Viskonsin-Medison Universitetinin professoru Şon Markott da araşdırmaya əlavə şərhində insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliklərinin növbəti buz dövrünü yüz minlərlə il gecikdirə biləcəyini qeyd edib. Bununla belə, alimlər gələcək buzlaşmanın dəqiq nə vaxt başlayacağını müəyyənləşdirməyiblər. Bu proses atmosferə atılan karbon qazının gələcək miqdarından da asılı olacaq.

Qeyd edək ki, Yer kürəsində buz dövrləri ilə daha isti dövrlər növbə ilə baş verir. Hazırkı buzlaqlararası dövr təxminən 11 700 il əvvəl başlayıb. Yeni araşdırma göstərir ki, insan fəaliyyəti artıq təkcə iqlimin temperaturuna deyil, planetin uzunmüddətli təbii iqlim dövrlərinə də ciddi təsir göstərə bilər.

Samir
 

0