Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərindən təxliyə olunan sakinlər işğal dövründə üzləşdikləri ağır həyat şəraitindən danışıblar. Vaxtilə 24 min nəfərin yaşadığı şəhərdə son dövrlər cəmi 2 minə yaxın insan qalmışdı. Altı günlük humanitar atəşkəs müddətində isə təxminən 750 nəfər ərazini tərk etməyə razılaşıb.
Qaynarinfo xəbər verir ki, Almaniyanın BILD nəşri Ukraynanın şimalına təxliyə edilən sakinlərlə söhbətləşib və onların yaşadıqlarını qələmə alıb.
Oleşkidə 64 il yaşamış 90 yaşlı Svetlana Vasilyevna şəhərdəki həyatının getdikcə dözülməz hala gəldiyini bildirib. Onun sözlərinə görə, 2023-cü ildə evinin birinci mərtəbəsi su altında qalıb, daha sonra ikinci mərtəbə yanıb. Əvvəlcə ərzaqla kilsə kömək etsə də, zaman keçdikcə qida tapmaq da çətinləşib. Həyətyanı sahədə saxladığı toyuqları isə hasar dağıldıqdan sonra itlər aparıb.
Yaşlı qadın 2025-ci ilin sonlarında vəziyyətin daha da ağırlaşdığını deyib. Evinin pəncərələri qırılıb, içəridəki əşyalar yanıb, borular partlayıb, istilik sistemi işləməyib. Uzun müddət soyuq və aclıq şəraitində yaşamağa məcbur qalan Svetlana artıq çəkisinin 55 kiloqrama düşdüyünü bildirib. O, Ukraynaya çatdığı üçün sevindiyini söyləyib.
66 yaşlı Vladimir Zolaki isə aclıq səbəbindən üç qadınla birlikdə yaxınlıqdakı yaşayış məntəqəsinə ərzaq axtarmağa getdiyi zaman minaya düşdüklərini danışıb. Hadisə nəticəsində qadınlar ağır yaralanıb, Vladimirin isə ayaqları zədələnib. O, yaralı qadınları xilas edərək xəstəxanaya çatdırdığını bildirib. Aldıqları ağır xəsarətlər səbəbindən həmin qadınların Oleşkidən təxliyə oluna bilmədiyi qeyd olunur.
70 yaşlı Lyudmila Ozelova üçün isə ən çətin qərarlardan biri ev heyvanlarını geridə qoymaq olub. O, Oleşkidə doğulduğunu, övladlarının da bu şəhərdə dünyaya gəldiyini deyib. Bəzi sakinlərin onu əvvəlcə Rusiyaya aparacaqları barədə qorxutmasına baxmayaraq, Lyudmila şəhəri tərk etmək qərarından dönməyib. Qadın Oleşkinin yenidən azad olduğunu görmək və imkan yaranarsa doğma şəhərinə qayıtmaq istədiyini bildirib.
Təxliyə olunanlar arasında 16 yaşlı Daşa da olub. O, iki ildir görmədiyi atası Mixail ilə yenidən görüşüb. Ailəsi şəhərdən qaçarkən atası Oleşkidə qalıb və Daşaya onun növbəti təxliyə qruplarından biri ilə gələcəyi deyilirmiş. Lakin bu dəfə ata və qız bir araya gəliblər. Yenidən görüşün həyəcanını yaşayan yeniyetmə həmin gecə yata bilməyəcəyini söyləyib.
BILD-in məlumatına görə, təxliyə məntəqəsində sakinləri isti yemək, çay və şirniyyatla qarşılayıblar. Həkimlər onların vəziyyətini yoxlayıb, insanlar isə özləri ilə gətirdikləri ev heyvanlarını da təhlükəsiz əraziyə çatdırıblar. Avtobuslar yola düşərkən yol kənarında Ukrayna bayraqları və məşəllərlə təxliyə olunanları qarşılayan insanlar dayanıb.
Samir






