Çernobıl itlərində 100-dən çox genetik dəyişiklik izi aşkarlandı – Alimlər səbəbi araşdırır

DÜNYA
23:15 / 02.11.2026
50

Çernobıl Atom Elektrik Stansiyasının (AES) ətrafında yaşayan sahibsiz itlərdə qeyri-adi genetik xüsusiyyətlər aşkarlanıb. Alimlər heyvanların genomunda 100-dən çox sahədə təbii seçmə əlamətləri müəyyən ediblər. Bu dəyişikliklərin zəhərli maddələrin təsiri altında formalaşmış ola biləcəyi ehtimal olunur.

HİT.az xəbər verir ki, bu barədə “Phys.org” nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb.

Əvvəlki tədqiqatlarda alimlər Çernobıl AES-in ərazisində yaşayan itlərlə stansiyadan təxminən 16 kilometr məsafədə yerləşən Çernobıl şəhərindəki heyvanların genetik göstəricilərini müqayisə ediblər. Nəticədə coğrafi baxımdan bir-birinə yaxın olan bu iki qrupun genetik profillərinin ciddi şəkildə fərqləndiyi üzə çıxıb.

Şəhərdə yaşayan itlərin genetik baxımdan Rusiya, Polşa və digər yaxın ərazilərdəki heyvanlara daha çox bənzədiyi müəyyən edilib. Stansiyanın ərazisindəki itlərdə isə xüsusilə DNT-nin bərpası ilə əlaqəli genetik fərqlər diqqət çəkib.

Şimali Karolina Dövlət Universitetinin baytarlıq fakültəsinin tədqiqatçısı Meqan Dillon bildirib ki, bu iki qrupun genetik göstəriciləri arasında ciddi fərqlər var.

Yeni araşdırmada alimlər həmin fərqlərin təbii seçmə, yoxsa genetik sürüşmə nəticəsində yarandığını müəyyənləşdirməyə çalışıblar. Genetik sürüşmə populyasiyada gen variantlarının təsadüfi dəyişməsi deməkdir və xüsusilə kiçik, təcrid olunmuş heyvan qruplarında müşahidə edilir.

Tədqiqat zamanı Çernobıl itlərinin genetik məlumatları Şərqi Avropadakı və Qalapaqos adalarında yaşayan təcrid olunmuş it populyasiyalarının göstəriciləri ilə müqayisə edilib. Təhlil stansiyanın ərazisindəki heyvanlarda genetik müxtəlifliyin ciddi azalmasına dair gözlənilən əlamətləri üzə çıxarmayıb. Bu isə müşahidə olunan fərqlərin yalnız təcrid olunma ilə izah edilə bilməyəcəyini göstərib.

Alimlər təbii seçmə izlərinin aşkarlandığı 100-dən çox genom sahəsində DNT-nin bərpası və çoxalması, hüceyrə dövrünün tənzimlənməsi, eləcə də immun sisteminin fəaliyyəti ilə əlaqəli genlər müəyyən ediblər.

Tədqiqatçılar bu xüsusiyyətlərin heyvanların mürəkkəb ekoloji şəraitə, o cümlədən zəhərli maddələrin mövcudluğuna uyğunlaşması ilə əlaqəli ola biləcəyini düşünürlər. Bununla belə, araşdırma aşkar edilən genetik dəyişikliklərin məhz radiasiya nəticəsində yarandığını sübut etmir.

Müqayisəli onkogenetika üzrə professor Metyu Brin ehtimal edir ki, ilkin toksik təsirdən sağ çıxan heyvanlar artıq yaşamağa kömək edən müəyyən genetik xüsusiyyətlərə malik olublar. Alimlər bu ehtimalın dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Samir
 

0