Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti Ryanair aviasiya yanacağının qiymətinin kəskin artması səbəbindən xərcləri azaltmaq üçün yeni tədbirləri nəzərdən keçirir. Şirkət əməkhaqlarının müvəqqəti dondurulması, uçuş heyətinin sayının azaldılması və süni intellektdən daha geniş istifadə variantlarını dəyərləndirir.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Ryanair rəhbərliyi hesab edir ki, Yaxın Şərqdəki münaqişə sürətlə həll olunmasa, aviasiya yanacağının qiyməti 2027-ci ildə də yüksək səviyyədə qalacaq. Şirkətin baş icraçı direktoru Maykl O'Liri gələn il Avropada aviabiletlərin qiymətinin təxminən 20 faiz arta biləcəyini bildirib. Onun sözlərinə görə, əvvəllər bağlanmış yanacaq qiymətlərinin sığortalanması müqavilələrinin müddəti başa çatdıqdan sonra aviaşirkətlər daha yüksək xərclərlə üzləşəcəklər.
Ryanair-in proqnozuna əsasən, 2028-ci ilin martında başa çatacaq növbəti maliyyə ilində şirkətin yanacaq xərcləri təxminən 2 milyard avro arta bilər.
Əməkhaqları dondurula, işçi qəbulu azaldıla bilər
Maykl O'Liri bildirib ki, şirkət bütün əməliyyat xərclərini yenidən nəzərdən keçirir. Bu çərçivədə hava limanları ilə müqavilələrin yenilənməsi, əmək razılaşmalarına dəyişiklik edilməsi, uçuş heyətinin sayının optimallaşdırılması və süni intelleqtdən daha geniş istifadə gündəmdədir.
Ryanair artıq yeni pilotların işə qəbulunu xeyli yavaşladıb. Süni intellektin isə uçuşların planlaşdırılması, əməliyyatların səmərəliliyinin artırılması, inzibati və müştəri dəstəyi xidmətlərində tətbiqi nəzərdə tutulur. Şirkət rəhbərinin sözlərinə görə, bu texnologiyanın köməyi ilə təyyarələrin məhsuldarlığını 4 faiz artırmaq mümkün olub.
O'Liri qeyd edib ki, şirkətin 650 təyyarədən ibarət donanmasının idarə olunmasında maşın əsaslı planlaşdırma insan əməyindən daha səmərəli nəticə verə bilər.
Yanacaq ehtiyatlarının bir hissəsi əvvəlcədən sığortalanıb
Ryanair-in açıqlamasına görə, 2027-ci ilin mart ayının sonunadək yanacağa olan tələbatının 80 faizi bir barel üçün 67 dollar qiymətindən sığortalanıb. Növbəti 12 ay üçün ehtiyacın 25 faizi isə bir barel üçün 95 dollar səviyyəsində təminat altındadır.
Bununla belə, şirkət rəhbərliyi aviasiya sektorunun yanacaq qiymətlərindəki dəyişikliklərdən kifayət qədər qorunmadığını düşünür. Maykl O'Liri mövcud vəziyyətin bütün aviaşirkətlər üçün ciddi risk yaratdığını vurğulayıb.
Samir
