ABŞ-da hərbi və təhlükəsizlik məqsədləri üçün genetik xüsusiyyətləri təkmilləşdirilmiş, xüsusi texnologiyalarla təchiz olunan xidmət itlərinin yetişdirilməsi planlaşdırılır. “Warhound” adlı yeni şirkət ilk belə heyvanları 2027-ci ilin ilk rübündə sifarişçilərə təhvil verməyi hədəfləyir.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Layihənin arxasında nəsli kəsilmiş heyvanların genetik üsullarla bərpası istiqamətində fəaliyyəti ilə tanınan “Colossal Biosciences” şirkətinin rəhbəri Ben Lamm və müdafiə texnologiyaları istehsalçısı “Anduril Industries”in qurucusu Palmer Luckey dayanır.
“Warhound”un məqsədi yalnız mövcud it cinslərini öyrətmək deyil. Şirkət seleksiya, klonlaşdırma və genetik redaktə üsullarından istifadə etməklə ABŞ ordusu, hüquq-mühafizə orqanları və fövqəladə hallara müdaxilə qrupları üçün xüsusi xüsusiyyətlərə malik heyvanlar yetişdirmək istəyir.
Hərbi itlər müasir texnologiyalarla təchiz ediləcək
Layihənin texnoloji hissəsinə “Anduril” cavabdehdir. İtlər və onların təlimçiləri üçün göz və qulaq qoruyucuları, eləcə də “EagleEye” adlı qarışıq reallıq platforması nəzərdə tutulur. Bu sistem hərbçilərə əməliyyat zamanı vacib məlumatların ötürülməsinə imkan verməlidir.
Şirkətin həmtəsisçisi Ben Lamm bildirib ki, heyvanların bədəninə elektron implantlar yerləşdirilməsi planlaşdırılmır. Sibernetik avadanlıqlar yalnız geyilə bilən qurğulardan ibarət olacaq.
Layihə ciddi maliyyə dəstəyi də əldə edib. “Sequoia Capital” və Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli investisiya qurumu “In-Q-Tel”in də iştirak etdiyi maliyyələşdirmə mərhələsində şirkət 200 milyon dollar investisiya cəlb edib. “Warhound”a əvvəllər “Palantir”də və ABŞ Milli Kəşfiyyat Direktorunun ofisində yüksək vəzifələrdə çalışmış Devid Spirk rəhbərlik edir.
ABŞ niyə öz hərbi itlərini yetişdirmək istəyir?
Layihənin yaradılmasının əsas səbəblərindən biri ABŞ-ın hərbi xidmət itlərinin tədarükündə Avropadan asılı olmasıdır. Nəşrin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin tabeliyində partlayıcı və narkotik maddələrin aşkarlanması, mühafizə və xüsusi əməliyyatlar kimi sahələrdə çalışan 2 200-dən çox aktiv it qrupu var.
Bu itlərin təxminən 80 faizi Avropadan gətirilir. Onların arasında Belçika malinuası, alman çoban iti və labrador retriver cinsləri üstünlük təşkil edir.
“Warhound” mövcud tədarük sistemini səmərəsiz hesab edir və geosiyasi dəyişikliklərin təchizatda risklər yarada biləcəyini düşünür. Şirkət ABŞ daxilində yetişdirmə imkanlarını genişləndirməklə xarici mənbələrdən asılılığı azaltmaq niyyətindədir.
Genetik müdaxilələrlə xəstəliklərin qarşısı alınacaq
Şirkət layihənin yalnız döyüş və xidmət qabiliyyətinin artırılmasına deyil, heyvanların sağlamlığına da yönəldiyini bildirir. Bu çərçivədə omba displaziyası və əzələ atrofiyası kimi problemlərin aradan qaldırılması üzərində iş aparılır.
“Colossal Biosciences” mütəxəssisləri hərbi xidmət itlərindən götürülmüş hüceyrə nümunələri əsasında genetik tədqiqatlar həyata keçirirlər. Şirkətin iddiasına görə, bu üsullar gələcəkdə heyvanların həm xidmət dövründə, həm də yaşlı vaxtlarında daha sağlam qalmasına kömək edə bilər.
Bununla belə, genetik müdaxilələrin uzunmüddətli nəticələri barədə hələlik konkret elmi məlumat açıqlanmayıb. “Warhound” ilk itlərin 2027-ci ilin ilk üç ayında müvafiq qurumlara təhvil verilməsini planlaşdırır.
Samir


