Kainatın fundamental səviyyədə öz-özünü öyrədən neyron şəbəkə kimi fəaliyyət göstərməsi ehtimalı ilə bağlı nəzəriyyə yeni elmi nəticələrlə gündəmə gəlib. Amerikalı fizik Vitali Vançurinin irəli sürdüyü bu hipotez əsasında aparılan bioloji təcrübələrin ilkin nəticələrinin nəzəriyyənin bəzi proqnozları ilə üst-üstə düşdüyü bildirilir.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” nəşri nəzəriyyənin müəllifi, Minnesota Universitetinin fizika professoru və “Artificial Neural Computing” şirkətinin baş direktoru Vitali Vançurinlə söhbətində məlumat yayıb.
Alim 2020-ci ildə irəli sürdüyü nəzəriyyədə kainatın ən fundamental səviyyədə öyrənmə qabiliyyətinə malik neyron şəbəkə kimi qurulduğunu, bizim tanıdığımız fizika qanunlarının isə bu öyrənmə prosesinin nəticəsi olaraq meydana çıxdığını irəli sürüb.
Vançurinin sözlərinə görə, nəzəriyyənin yoxlanıla bilən proqnozlarını əldə etmək üçün ən əlverişli sahələrdən biri biologiya olub. Bunun səbəbi bioloji sistemlər haqqında çoxlu məlumatın mövcudluğu, lakin təkamül proseslərini bütövlükdə izah edən vahid nəzəriyyənin olmamasıdır.
Alim hesab edir ki, təkamül keçirən bioloji sistemlərdə fenotiplər, yəni orqanizmlərin xarici və müşahidə olunan xüsusiyyətləri, eləcə də genotiplər – genetik məlumatlar müəyyən əyriliyə malik məkanlarda formalaşır. Bu prosesin isə ən optimal nəticəni axtaran xüsusi alqoritmlə təsvir oluna biləcəyi ehtimal edilir.
Vançurin bildirib ki, aparılan bəzi təcrübələrin nəticələri bu proqnozlarla müəyyən həddə uyğun gəlir. Xüsusilə genetik və fenotipik məkanların əyriliyi və diskret quruluşunun əhəmiyyətli olduğu müşahidə edilib. Bununla belə, ayrı-ayrı orqanizmlərin təkamülünü ətraflı izləmək üçün kifayət qədər məlumat hələ mövcud deyil.
Fizik nəzəriyyənin elementar zərrəciklər sahəsində də inkişaf etdiyini deyib. Onun sözlərinə görə, mövcud standart modelin bir sıra nəticələri nəzəriyyə ilə uzlaşsa da, bəzi uyğunsuzluqlar diqqət çəkir. Vançurin hesab edir ki, məhz bu fərqlər gələcək təcrübələrdə hansı nəticələrin müşahidə ediləcəyini proqnozlaşdırmaq baxımından maraqlıdır.
Alimin son araşdırmalarında kainatla bağlı daha fərqli təsvir də irəli sürülür. Bu yanaşmada kainat neyron şəbəkədən çox, öz-özünə öyrənən və təkamül edən müstəqil agentlərdən ibarət sistem kimi təqdim olunur. Nəzəriyyəyə görə, fəza-zaman həmin sistemin ümumi yaddaşını və hərəkət istiqamətləri barədə məlumatı özündə saxlayır, elementar zərrəciklər isə bu məlumatdan istifadə edən prosessorlar rolunu oynayır.
Vançurin cazibə qüvvəsini də bu yanaşma çərçivəsində optimallaşdırma alqoritminin metrikası kimi izah etməyə çalışır.
Qeyd edək ki, sözügedən yanaşma hələ elmi hipotez və nəzəri model səviyyəsindədir. Bioloji təcrübələrdə əldə olunan ilkin uyğunluqlar kainatın neyron şəbəkə kimi qurulduğunu təsdiqləyən qəti sübut hesab edilmir. Nəzəriyyənin fiziki əsaslarının və proqnozlarının əlavə müstəqil tədqiqatlarla yoxlanılmasına ehtiyac var.
Samir


