Neftin qiymətindəki son azalmaların səbəbi nədir? - İqtisadçı deputat

İQTİSADİYYAT
11:41 / 11.04.2022
1695

"Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq, son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
 
Deputat bildirib ki, bu, qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir:

"Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirilməsinə rəğmən, neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir. "Qara qızıl” yenə də dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq, sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı”. 

Neftin qiymətindəki azalmaların səbəbi nədir?

Vüqar Bayramov hesab edir ki, ABŞ Rusiya neftindən imtina etsə də, Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir:

"Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə, bu, həmin ölkədə bir sıra sənaye müəssisələrinin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırlması səbəbindən 2.5 milyon nəfər işsizlik yarada bilər.

İkincisi, ABŞ və eləcə də OPEK bazar daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.

Üçüncüsü, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftdən imtina həmin an bazarda boşluq yaratmır. Bu, qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.

Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub”.

0