Çilidə onilliklər ərzində saxlanılan mərmər parçasının 2500 ildən çox yaşı var imiş

DÜNYA
19:56 / 31.10.2026
61

Çilidə bir kişi atasının 1930-cu illərdə Afinadan gətirdiyi kiçik mərmər parçasını onilliklər boyu evində suvenir kimi saxlayıb. O, bu əşyanın məşhur Parfenon məbədinin bir hissəsi olduğunu düşünsə də, araşdırma nəticəsində mərmərin daha qədim tikiliyə aid ola biləcəyi müəyyən edilib.

HİT.az xəbər verir ki, bu barədə “Futura-Sciences” nəşri məlumat yayıb.

Çəkisi 1,2 kiloqram, ölçüləri təxminən 7,5x11,5 santimetr olan mərmər parçasının üzərində lotus çiçəyini xatırladan oyma təsvir qorunub saxlanılıb. Yunanıstanın Arxeologiya Xidmətinin rəhbəri Olimpiya Vikatu bildirib ki, bu naxış Akropolda yerləşən qədim Hekatompedon məbədinin damındakı suötürücü sistemin bəzək elementlərinə uyğundur.

Yunanıstan Mədəniyyət Nazirliyi mərmər parçasının məhz həmin məbədə aid olduğunu hələ qəti şəkildə təsdiqləməsə də, üzərindəki oyma naxışın tarixi tikilinin məlum dekorativ elementləri ilə üst-üstə düşdüyü bildirilir.

Hekatompedon təxminən eramızdan əvvəl 570-ci ildə, arxaik dövrdə inşa edilib və Akropol təpəsində ucaldılmış ilk monumental məbəd hesab olunur. Parfenon isə eramızdan əvvəl 447-438-ci illərdə tikilib. Beləliklə, ehtimal olunan mərmər fraqmenti məşhur Parfenondan bir əsrdən də çox əvvəl yaradılmış tikiliyə aid ola bilər.

Mərmərin Akropoldan necə və hansı şəraitdə götürüldüyü isə hələ də məlum deyil. Əşyanın sahibinin xatirələrinə görə, atası daşı 1930-cu illərdə Parfenonun ətəyindən götürüb.

Samir
 

0