Azərbaycanda ərzaq qiymətləri yenidən BAHALAŞACAQ?

İQTİSADİYYAT
12:12 / 14.05.2026
100

Dünya bazarında ərzaq məhsullarının qiyməti yenidən yüksəlməyə başlayıb. 

Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumata əsasən, aprel ayında qlobal ərzaq qiymətləri son 3 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.

Bahalaşmanın əsas səbəbləri kimi İran ətrafında artan hərbi gərginlik və Hörmüz boğazı ilə bağlı risklər göstərilir. Xüsusilə bitki yağlarının qiymətində ciddi artım qeydə alınıb. Palma, günəbaxan, soya və raps yağları üzrə qiymətlər son aylarda kəskin yüksəlib. Həmçinin, ət məhsulları da bahalaşıb və qiymətlər tarixi maksimum həddə yaxınlaşıb. 

Maraqlıdır, bu bahalaşma nə qədər davam edə bilər və bizim bazara təsir edəcəkmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, vəziyyət Hörmüz böhranının nə vaxt və necə həll olunacağından asılıdır:

399210

“Qısamüddətli perspektivdə, yəni növbəti 1-2 ay ərzində qiymətlərin düşməsini gözləmək üçün ciddi əsas yoxdur. Hörmüz boğazı bağlı qaldıqca bitki yağlarının, xüsusilə palma və günəbaxan yağının nəqliyyat xərcləri yüksək qalmaqda davam edəcək. Bunun üstünə qeyri-müəyyənlik mühiti spekulyativ alışları artırır, yəni ticarətçilər ehtiyat məqsədilə daha çox alır, bu da qiymətlərə əlavə təzyiq yaradır. Orta müddətli perspektivdə - 3-6 ay ərzində bir neçə ssenarini nəzərə almaq lazımdır”.

Onun sözlərinə görə, atəşkəs baş tutar və boğaz açılarsa, qiymətlər nisbətən tez düşə bilər:

“Çünki fiziki çatışmazlıqdan çox qeyri-müəyyənlik amili bahalaşmanın əsas hərəkətvericisinə çevrilib. Lakin müharibə davam edərsə, xüsusilə yay mövsümündə yeni hərbi əməliyyatlar alovlanarsa, bahalaşma dalğası daha dərin və uzunmüddətli xarakter ala bilər. Struktural faktorlar baxımından isə ərzaq qiymətlərinin 2022-ci il səviyyələrinə qayıtması - o dövrdə Ukrayna müharibəsinin ilk şokunu yaşamışdıq - hələlik realist ssenari kimi görünmür. Çünki o zaman da eyni coğrafiyadan, Qara dəniz və Ukraynadan gəlirdi taxıl və yağ kimi strateji məhsulların böyük hissəsi. İndi isə Hörmüz xətti buna əlavə olunub”.

Ekspert hesab edir ki, ən böyük narahatlıq  bu bahalaşma zəngin ölkələr üçün dözümlü səviyyədə qalsa da, gəlirlərinin böyük hissəsini ərzağa xərcləyən inkişaf etməkdə olan ölkələr, o cümlədən də Azərbaycan üçün ciddi humanitar riskə çevrilə bilər:

“Çünki biz hər nə qədər elan etsəkdə ki, biz inkişaf edirik, əhalinin ərzağa olan tələbatının 60 faizdən çoxunu idxal hesabına qarşılayırıq. Son 15-20 ildə ərzaq buğdası idxalına ət və ət məhsulları, ağartı məmulatları, bitki yağları və s. də əlavə olunub”.

Günel Cəlilova

0