Beynəlxalq əmtəə bazarlarında Azərbaycanın əsas ixrac məhsullarından olan neftin satış qiyməti aşağı istiqamətdə dəyişib.
Belə ki, “Azeri Light” markası əvvəlki göstəricisini qoruya bilməyərək dəyər itirib. Nəticədə Azərbaycan mənşəli xam neftin bir bareli 86,55 dollara qədər geriləyib.
Müqayisə üçün qeyd edək ki, bundan əvvəl həmin marka 90,5 dollar səviyyəsində idi. Dövlət maliyyə planında isə neft gəlirləri hesablanarkən daha konservativ yanaşma seçilərək bir barel üçün 65 dollar nəzərdə tutulub. Enerji bazarlarında müşahidə olunan dəyişikliklər neftin gələcək taleyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, neft bazarında müşahidə olunan eniş əvvəlcədən ehtimal edilən bir proses idi:

“Çünki qiymətləri yüksəldən real iqtisadi dayaqlar zəif idi. Ötən dövrlərdə qiymət artımına təsir göstərən əsas səbəblər siyasi risklərin güclənməsi, Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənlik və İran ətrafında mümkün hərbi gərginliklər olub. Hazırkı mərhələdə həmin risklərin bir hissəsinin zəifləməsi bazarda sabitləşmə və qiymətlərin geriyə doğru hərəkət etməsinə şərait yaradır”.
Ekspert onu da əlavə edib ki, neftin müharibədən öncəki 60-65 dollar səviyyəsinə enməsi dərhal baş verəcək proses deyil və bunun üçün müəyyən zaman tələb olunur:
“İlin sonuna yaxın bazarda qiymətlərin 70-75 dollar aralığında formalaşması isə daha real və gözləniləndir”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Hit.az-a deyib ki, İranla əldə olunmuş ilkin razılaşmadan sonra neft bazarında müşahidə olunan ucuzlaşma ilk növbədə “risk mükafatının” azalması ilə bağlıdır:

“Son aylarda bazar iştirakçıları İran ətrafında hərbi eskalasiya, Hörmüz boğazında mümkün təhdidlər və Yaxın Şərqdən neft tədarükünün pozulması ehtimalını qiymətlərə daxil etmişdilər. Vaşinqton və Tehran arasında dialoqun bərpası isə həmin risklərin bir hissəsini aradan qaldırdı və nəticədə qiymətlər aşağı istiqamətdə korreksiya etdi. Hazırda bazarın əsas diqqəti razılaşmanın növbəti mərhələsinə yönəlib”.
Onun sözlərinə görə, yaxın 1-2 ay ərzində daha geniş saziş üzrə irəliləyiş əldə olunarsa, İran neftinin dünya bazarına əlavə həcmdə qayıtması perspektivi daha real görünəcək:
“Bu halda “Brent” markalı neftin 80-85 dollar diapazonunda qalması, hətta qısamüddətli olaraq 80 dollardan aşağı enməsi mümkündür. Lakin bunun üçün təkcə siyasi razılaşma deyil, həm də sanksiyaların yumşaldılması və ixrac imkanlarının genişlənməsi tələb olunur".
Ekspertin fikrincə, növbəti ciddi eniş üçün ya İran üzrə daha konkret razılaşmalar, ya da qlobal iqtisadi artımın zəiflədiyini göstərən yeni siqnallar lazımdır:
“Əksinə, danışıqlarda problem yaranarsa və ya regionda geosiyasi gərginlik yenidən artsa, qiymətlər sürətlə 90 dollar ətrafına qayıda bilər. Hazırkı ucuzlaşma neft bazarında fundamental balansın dəyişməsindən çox, geosiyasi risklərin müvəqqəti azalmasının nəticəsi kimi görünür. Ona görə də qiymətlərin 80-85 dollar diapazonunda müəyyən müddət qalması mümkün olsa da, bu mərhələdə daha dərin və davamlı ucuzlaşma üçün kifayət qədər əsas hələ formalaşmayıb”.
Günel Cəlilova


