Sabunçu rayonunda fəhlə kimi işlədiyi evdən pul oğurlayan şəxs barəsində cinayət işi üzrə hökm elan edilib.
Hit.az xəbər verir ki, iş materiallarına görə, təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evində yataq otağına qanunsuz daxil olub. O, otaqdakı qutudan gizli şəkildə 1100 manat nağd pul götürərək hadisə yerini tərk edib.
Zərərçəkmiş şəxs isə ona 1100 manat maddi ziyan dəydiyini bildirib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində evdən götürdüyü məbləğin 600 manat olduğunu iddia edib və həmin pulu borclarına xərclədiyini deyib. Onun sözlərinə görə, sonradan məbləğin bir hissəsi ödənilib.
Araşdırmalar nəticəsində onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) ilə tövsif edilib.
Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Abbas


