İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

İQTİSADİYYAT
22:34 / 17.06.2026
44

Azərbaycanda ESOP (işçilərin səhmlərə sahib olması) proqramının tətbiq edilməsi nəzərdə tutulur.

HİT.Az-ın məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında" yeni qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, bu mexanizm startapların ən böyük problemlərindən biri olan yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi və saxlanılması problemini həll etməyə yönəlib:

"Belə ki, şirkətlər öz əməkdaşlarına və rəhbər şəxslərinə gələcəkdə şirkətin payını güzəştli qiymətlə və ya ödənişsiz əldə etmək hüququ verə bilirlər.

Bu zaman işçi yalnız əməkhaqqı alan şəxs deyil, eyni zamanda şirkətin gələcək uğurunda maraqlı olan tərəfdaş statusu qazanır.

Qanun layihəsində payların əldə olunması üçün müəyyən fəaliyyət göstəriciləri nəzərdə tutulub. Bu göstəricilər zamana və ya konkret nəticələrə əsaslana bilər. Şəxslər həmin şərtləri yerinə yetirdikləri halda ESOP proqramı çərçivəsində pay əldə etmək hüququ qazanırlar.

Qeyd etmək lazımdır ki, bu alətlərin qanunvericiliyə daxil edilməsi ölkənin innovasiya sektorunun daha sürətli inkişafına və beynəlxalq bazarlarla inteqrasiyasının güclənməsinə mühüm töhfə verəcəkdir".

0