Azərbaycanda aqrar sektorun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafına hesablanıb.
Fermerlərin fəaliyyətinin stimullaşdırılması üçün subsidiya siyasətinin təkmilləşdirilməsi və dəstək mexanizmlərinin yenidən qurulması nəzərdə tutulur. Bununla yanaşı, süni intellekt, elektron platformalar və digər innovativ alətlərin tətbiqi sahənin idarə olunmasında yeni imkanlar yaradır. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsləri aqrar sahədə şəffaflığın artırılması və qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsini hədəfləyir.
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, bu təşəbbüs kənd təsərrüfatının modernləşdirilməsi baxımından mühüm addım sayılır:
“Azərbaycanın aqrar sektorunun uzunmüddətli inkişaf strategiyasında bu cür layihələrin xüsusi yeri var və onların tətbiqi sahənin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bununla yanaşı, kənd təsərrüfatında həllini gözləyən bir sıra sistemli problemlər qalmaqdadır.

Ölkədə məhsuldarlıq göstəriciləri bir çox inkişaf etmiş dövlətlərlə müqayisədə hələ də arzuolunan səviyyədə deyil. Su ehtiyatlarının məhdudlaşması və suvarma sistemlərində mövcud çətinliklər fermerlərin fəaliyyətinə mənfi təsir göstərən əsas amillərdəndir.
Digər mühüm məsələ torpaq sahələrinin xırda təsərrüfatlar arasında parçalanmasıdır. Bu vəziyyət müasir texnika və innovativ texnologiyaların tətbiqini çətinləşdirir. Kiçik torpaq sahəsinə malik fermerlərin yüksək dəyərə malik avadanlıqları əldə etməsi əksər hallarda iqtisadi baxımdan sərfəli olmur”.
Ekspert hesab edir ki, dövlət tərəfindən ayrılan subsidiyalar aqrar sahəyə dəstək baxımından əhəmiyyətli rol oynasa da, onların effektivliyi ilə bağlı müzakirələr davam edir:
“Ayrılan vəsaitlərin hansı nəticələri verdiyi, konkret problemlərin həllinə nə dərəcədə təsir etdiyi və dəstəyə nə qədər müddət ehtiyac olacağı barədə aydın qiymətləndirmə mexanizmlərinə ehtiyac var. Ümumiyyətlə, subsidiya müəyyən dövr ərzində sektora təkan verməli və sonradan həmin sahənin daha dayanıqlı fəaliyyət göstərməsinə şərait yaratmalıdır”.
Günel Cəlilova

