Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsinin ƏHƏMİYYƏTİ

İQTİSADİYYAT
10:41 / 23.06.2026
193

Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq son illərdə strateji əhəmiyyət kəsb edən istiqamətlərdən birinə çevrilib. 

Prezident İlham Əliyev də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında iki ölkə arasındakı nəqliyyat-logistika sahəsinin əhəmiyyətindən danışıb:

“Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir”.

Qeyd edək ki, hər iki ölkə əlverişli coğrafi mövqeyə malik olmaqla Avropa və Asiyanı birləşdirən mühüm tranzit marşrutlarının üzərində yerləşir. Bu səbəbdən də tərəflər arasında nəqliyyat-logistika sahəsinin əhəmiyyəti çox böyükdür.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan Orta Dəhlizin inkişafını dəstəkləyən əsas ölkələrdən biridir: 

402459

“Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkmənistanın Xəzər dənizi üzərindən geniş əməkdaşlıq imkanları mövcuddur. Hər iki ölkədə ro-ro terminallarından istifadə edilməsi Xəzər vasitəsilə həyata keçirilən yükdaşımaların daha sürətli və səmərəli təşkilinə şərait yaradır. Bu baxımdan nəqliyyat, xüsusilə beynəlxalq yükdaşımaları sahəsində tərəflər arasında əməkdaşlıq potensialı kifayət qədər genişdir.

Belə əməkdaşlıq təkcə tranzit imkanlarının artırılmasına deyil, həm də hər iki ölkənin beynəlxalq yükdaşımalarından daha çox gəlir əldə etməsinə xidmət edir. Son illər beynəlxalq yükdaşımalarının həm Azərbaycan, həm də Türkmənistan üçün qeyri-neft sektorunun prioritet istiqamətlərindən birinə çevrildiyi və dövlət gəlirlərinə mühüm töhfə verdiyi müşahidə olunur”.

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan regionda nəqliyyat-logistika infrastrukturuna ciddi investisiyalar yatıran ölkələr sırasındadır:

“Ələt limanı vasitəsilə daşınan yüklərin həcmi artmaqda davam edir. Bundan başqa, Bakı–Tbilisi–Qars dəmir yolunun illik yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirib.

Xüsusilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklər baxımından Azərbaycan ilə Türkmənistan arasında daha sıx və dərin əməkdaşlıq üçün əlverişli şərait formalaşıb. Gözlənilir ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanan 12 sənəd, eləcə də dövlət başçılarının bəyan etdikləri birgə layihələr iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da güclənməsinə təkan verəcək”.

Günel Cəlilova

0