İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarəsi bir neçə hüquqi şəxsin və fərdi vergi ödəyicisinin vergi və sosial öhdəlikləri üzrə borclarının ödənilməsini təmin etmək məqsədilə məhkəməyə müraciət edib.
Hit.az xəbər verir ki, iddia tələbinə görə, “Alpin 444” MMC, “Evsen 4345” MMC, “Azevro 0101” MMC, “Zəfər 2111” MMC və “Karat 750” MMC-nin dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə on minlərlə manat məbləğində vergi və sosial sığorta borcları mövcuddur.
Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin də Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fonduna borclarının olduğu bildirilir.
Vergi orqanı həmin borcların ödənilməsini təmin etmək məqsədilə bu şirkətlərin icra orqanının rəhbəri, eyni zamanda vergi ödəyicisi olan Yaqubov Vüqar Rasim oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edib.
Məhkəmə ərizəni təmin edib və qərara əsasən, göstərilən hüquqi şəxslərin və vergi ödəyicisinin dövlət və fondlara olan borcları tam ödənilənədək Yaqubov Vüqar Rasim oğlunun ölkədən çıxış hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qərarda qeyd olunur ki, məhdudiyyət borc öhdəlikləri tam icra edilənədək qüvvədə qalacaq.
Abbas


